Kolmar şəhərinin meri Jilber Meyer: Şəki şəhəri Qafqazın göz bəbəyidir
Üç ay əvvəl Kolmar şəhərində Azərbaycanla bağlı tədbir keçirilirdi. Tədbir çərçivəsində bir həftə ərzində şəhərdə sərgi və Azərbaycan musiqisindən ibarət konsertlər təşkil olunmuşdu. Bu tədbirdən sonra özümə söz verdim ki, mütləq Azərbaycana gedəcək və bu ölkə ilə daha yaxından tanış olacağam. Beləliklə, Azərbaycana səfərim gerçəkləşdi və budur, mən artıq Azərbaycanda, onun gözəl bir guşəsi olan Şəki şəhərindəyəm.
Bu fikirləri Fransanın Kolmar şəhərinin meri Jilber Meyer Şəkiyə səfəri zamanı jurnalistlərə müsahibəsində səsləndirmişdir.
Şəki ilə Kolmar şəhərləri arasında bir çox oxşar cəhətlərin olduğunu vurğulayan Jilber Meyer demişdir: “Biz istəyirik ki, şəhərlərimiz arasında müxtəlif layihələr təşkil edək, insanlar bir-biri ilə daha yaxından tanış olsunlar. Azərbaycanla, Şəki ilə bağlı təəssüratlarım həddindən artıq yüksəkdir. Burada mən Azərbaycan tarixi və ənənələri ilə yaxından tanış oldum. Gördüm ki, insanlar öz tarixinə, mədəniyyətinə çox bağlıdırlar. Bu, çox yaxşı haldır. Bura gələndə mənə dedilər ki, Şəki şəhəri Qafqazın göz bəbəyidir. İndi görürəm ki, bu həqiqətən də belədir. Bizim Kolmar da həddindən artıq gözəl şəhərdir. Yəni, şəhərlərimizi birləşdirən bir çox ümumi cəhətlər vardır”.