Şəkidə Milli Oftalmologiya Mərkəzinin filialı açılıb
Əhaliyə yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi məqsədilə oktyabrın 25-də Şəki şəhərində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı açılıb.
Bu münasibətlə keçirilən mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Elmar Qasımov, tibb müəssisələrinin əməkdaşları, xarici qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Oftalmologiya Mərkəzinin Şəki filialı regionlarda yaradılan sayca üçüncü tibb müəssisəsidir. Filial üçün şəhərin mərkəzi hissəsində yerləşən qədim tarixi tikili seçilib. Binada əsaslı yenidənqurma və təmir işləri aparılıb. Səhiyyə ocağı ən müasir tibbi avadanlıqla təchiz edilib.
Milli Oftalmologiya Mərkəzinin Şəki filialında müxtəlif göz patologiyasına tutulmuş xəstələrə, o cümlədən uşaqlara yüksək ixtisaslı oftalmoloji yardımın göstərilməsi, qlaukomanın konservativ, cərrahi və lazer müalicə üsullarının tətbiqi, müxtəlif növ müasir süni optik linzaların implantasiyası və fakoemulsifikasiya üsulları ilə aparılan kataraktanın cərrahi müalicəsi üçün tam şərait yaradılıb.
Mərkəzin Şəki filialında göz almasının anadangəlmə patologiya və zədə nəticəsində yaranan anatomik pozuntuları zamanı keratoplastika və digər optik-rekonstruktiv, tor qişanın qopması və görmə üzvünün yeni törəmələri zamanı cərrahi əməliyyatlar, gözün virus və digər mənşəli iltihabi patologiyasının konservativ və cərrahi müalicəsi də həyata keçiriləcək.
Tədbir iştirakçıları Oftalmologiya Mərkəzinin Şəki filialında yaradılan şəraitlə tanış olub, cərrahiyyə blokluna, laboratoriyalara və optika aptekinə baxış keçiriblər.