Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin bir yaşı tamam olub

30 oktyabr 2019 | 10:10

Qədim Şəki sənətkarlar diyarı kimi tanınır. Burada keramika sənəti də el sənətkarlarının fədakar əməyi sayəsində inkişaf etdirilib, bu günə qədər öz əhəmiyyətini qoruyub saxlayıb. Bu qədim diyarın zəngin tarixi-mədəni irsinin qorunub saxlanmasında, ata-babalarımızdan bizə miras qalmış keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində, heç şübhəsiz ki, ötən ilin oktyabrında fəaliyyət başlayan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin xüsusi rolu və əhəmiyyəti var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 29-da Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin fəaliyyətə başlamasının bir illiyinə həsr olunan mərasim keçirilib.
Sənətkarların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən il oktyabrın 29-da Şəkiyə səfərləri çərçivəsində açılışı olan “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin ötən bir il ərzində keramika sənətinin inkişaf etdirilməsi sahəsində çox səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycanda keramika sənətinin çox qədim tarixi var. Arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılar onu göstərir ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Mərkəzin yaradılmasında məqsəd ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb. Mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir.
Tədbirdə Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin əlaqələndiricisi Mir Teymur Məmmədov çıxış edərək, keramikanın hər bir xalqın tarixində xüsusi rol oynadığını vurğulayıb. Bildirilib ki, hazırda mərkəzdə 12 sənətkar çalışır, könüllülük proqramları həyata keçirilir. Mərkəzin məqsədlərindən biri də burada yaradıcılıq sahəsi üzrə irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsidir. Cari il mayın 20-dən iyunun 2-dək Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə “Təbiətdən Tarixə” adlı I Beynəlxalq Keramika Simpoziumunun keçirilməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Simpoziumda 14 xarici ölkədən 22 keramikaçı iştirak edib.
Tədbir çərçivəsində dekorativ-tətbiqi sənətin inkişafındakı xidmətlərinə, həmçinin mərkəzin fəaliyyətə başlamasının bir illiyi münasibətilə Mir Teymur Məmmədova “ABAD” publik hüquqi şəxs və Şəki Şəhər İcra Hakimiyyəti adından “Təşəkkürnamə” təqdim olunub.
Sonra tədbir iştirakçıları mərkəzin sənətkarlarının hazırladıqları keramika işlərindən ibarət sərgiyə baxıblar.

Keçidlər