Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları başlanıb.
Tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə hərəkət edən Lerik, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Xızı və Abşeron rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın ikinci günündə, noyabrın 14-də qədim Şəkinin tarixi məkanları ilə tanış olublar.
Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib.
Məktəblilərin diqqətinə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər.
Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb. Bu ilin iyulunda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib.
Bildirilib ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Hazırda Şəkidə ipəkçilik ənənələri yenidən bərpa olunur. Bölgənin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC bu gün Azərbaycanda ipəkçilik sənayesinin inkişafına çox böyük töhfələr verir.
Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxışında dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən tur-aksiyaların əhəmiyyətindən bəhs edib.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Bildirilib ki, ötən il oktyabrın 29-da istifadəyə verilən Mərkəzin ümumi sahəsi 3700 kvadratmetrdir. Mərkəzdə rəsm və fotostudiyalar, elektron kitabxana, müxtəlif dərnəklər fəaliyyət göstərir. Mərkəzin yanında yeni istifadəyə verilən Bayraq Muzeyi dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirir.
Tur-aksiya iştirakçılarının qədim Şəkinin tarixi məkanları ilə ilk tanışlığı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. Məlumat verilib ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var.
XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq oyadıb. Bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə - 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Məktəblilər sarayın həyətində xatirə şəkilləri çəkdiriblər.
Qoruğun ərazisində ötən il istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir.
Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır.
Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Zaqatala rayonuna yola düşüblər.