Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub

21 noyabr 2019 | 09:11

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.

Tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə hərəkət edən Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabul rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın ikinci günündə, noyabrın 19-da qədim Şəkinin tarixi məkanları ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.

Şəhər İcra Hakimiyyəti Aparatının şöbə müdirinin müavini Sadiq Yusifov və Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə məlumat veriblər.

Məktəblilərin diqqətinə çatdırılıb ki, Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb. Bu ilin iyulunda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib.

Sonra tur-aksiya iştirakçıları orijinal layihə əsasında inşa edilən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Bildirilib ki, Mərkəz Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Burada Ulu Öndərin mənalı həyatını və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb.

Mərkəzlə tanışlıqdan sonra tur-aksiyada iştirak edən 9 rayonun məktəbliləri şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.

Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.

Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.

Qoruğun ərazisində yeni istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı qeyd edilib ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb. Bildirilib ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb.

Məktəblilər sonra qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olublar. Hazırda burada Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır.

Tur-aksiya iştirakçıları günün ikinci yarısında Zaqatala rayonunun tarixi məkanları ilə tanış olacaqlar.

Keçidlər