Şəki-Kolmar əlaqələrinin daha da genişləndirilməsi Fransada müzakirə olunub
Azərbaycanın Şəki şəhərinin nümayəndə heyəti qardaşlaşdığı Fransanın Kolmar şəhərində səfərdədir. Şəki Kolmarın ənənəvi Milad bayramı bazarında pavilyonu ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti Aparatının şöbə müdiri Rəfail Mənəfovun rəhbərlik etdiyi nümayəndə heyəti Kolmar şəhərinin meri Jilber Meyer, onun birinci müavini İv Emedinger (Yves Hemedinger) və meriyanın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Klod Qanter (Claude Ganter) ilə görüşüb.
Görüşlərdə iki şəhər arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyasının müddəaları xatırlanıb, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
R.Mənəfov Şəkinin tarixi haqqında ətraflı məlumat verərək, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Tərəflər Şəkidə istehsal olunan yerli malların Kolmara ixracı, qızıl gül yağının Fransa bazarına çıxarılması imkanları, fransız dilinin tədrisində müəllim mübadiləsinin davam etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıb. 100 min əhalisi olan Kolmara ildə 3 milyon turistin gəldiyi qeyd edilərək, bu istiqamətdə də təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Turistik və mədəniyyət əlaqələrinin, eləcə də iş adamları arasında əlaqələrin, iş imkanlarının təşviqinin inkişaf etdirilməsinin, eləcə də baramaçılıq və ipəkçilik sahələrində əlaqələrin qurulmasının vacibliyi diqqətə çatdırılıb.
Şəki nümayəndə heyəti Kolmarda Milad öncəsi təşkil edilmiş yeni obyektlərin açılış mərasimində iştirak edib.
Açılış mərasimindən sonra mer Jilber Meyerin rəhbərliyi ilə şəhər meriyasının nümayəndələri və Şəki şəhərinin nümayəndə heyətinin üzvləri Milad bayramı münasibətilə Kolmarın müxtəlif məkanlarında təşkil olunmuş bayram bazarlarını, eləcə də Şəki pavilyonunu ziyarət ediblər. Şəki Milad pavilyonunda şəhər sənətkarlarının hazırladıqları əl işləri, suvenirlər nümayiş olunur.
Milad bayramı bazarının açılışında ölkəmizin Fransadakı səfirliyinin birinci katibi Vüqar Əliyev də iştirak edib.
Kolmar Milad bayramı bazarı dekabrın 25-dək davam edəcək.
Xatırladaq ki, iki şəhər arasında 2015-ci il mayın 20-də Şəkidə, həmin il noyabrın 20-də isə Kolmarda dostluq və əməkdaşlıq xartiyası imzalanıb.