Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı X Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edib

26 noyabr 2019 | 01:11

22-23 noyabr 2019-cu il tarixdə Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkil etdikləri forumun plenar iclası Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos və aviasiya” pavilyonunda keçirilib. İclasın işinə iki ölkənin rəsmi şəxsləri, biznes dairələrinin nümayəndələri qatılıblar.
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin həmsədrliyi ilə keçən iclasda Həştərxan vilayətinin qubernatoru İ.Babuşkin, Rostov vilayətinin qubernatoru V.Qolubev, Azərbaycanın Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı E.Usubov çıxış ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun iştirakı forumun əhəmiyyətindən xəbər verir. Forum çərçivəsində bir sıra mühüm sazişlər, niyyət memorandumları imzalanıb, dəyirmi masalarda müzakirələr aparılıb, yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin artım sürəti yüksəkdir. Cari ildə də belə davam edir. Biz zəmin yaradırıq ki, 2020-ci ildə bu vektoru qoruyub saxlayaq. Bu mənada forumun nəticələrini uğurlu hesab etmək olar. Nazir qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri çərçivəsində əməkdaşlığa dair daha bir yol xəritəsi – innovasiyalar və elmi texnologiyalar sahəsində əməkdaşlığın əsası qoyulub.
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin forum çərçivəsində aparılan müzakirələrin nəticələrinin dekabrda Bakıda keçiriləcək Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının iclasında diqqət mərkəzində olacağını qeyd edib. O, həmçinin iki ölkə arasında elmi-texniki sahədə əməkdaşlığın genişləndiriləcəyini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, Rusiyada “Skolkovo” İnnovasiya mərkəzi fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Moskva hökuməti ilə birlikdə “Elmi-texniki vadi” layihəsini həyata keçirirlər. İki ölkənin elm adamları arasında əməkdaşlığı genişləndirmək üçün Rusiyada artıq mövcud olan layihələrin təcrübəsindən Azərbaycanda istifadə olunması istiqamətində də müzakirələr aparılır.
Forumun yekununda Azərbaycan ilə Rusiya arasında iqtisadi sahədə əməkdaşlığa dair yeddi sənəd imzalanıb.

Keçidlər