Azərbaycan Xüsusi Olimpiya Komitəsi Şəkidə qız futbolunun inkişafı ilə bağlı layihə reallaşdırır
Noyabrın 26-da Şəki şəhərində inklüzivlik istiqamətində tam orta və xüsusi yardımçı məktəblərin şagirdləri arasında keçirilən “Gender bərabərliyi və UNIFIED Sport (Birləşmiş idman) üzrə yeniyetmə qız futbolunun inkişafı” layihəsinin icrası ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən tədbirin rəsmi hissəsində şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, layihənin Şəkidə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti, Milli Olimpiya Komitəsinin üzvü Şahin Əliyev çıxışlarında layihənin məqsədi və qarşıya qoyulan hədəflər barədə məlumat veriblər. Bildirilib ki, layihədə 14-17 yaş arası əqli və sağlamlıq imkanları məhdud olan və olmayan tam orta və xüsusi yardımçı məktəblərin 40 nəfər qız şagirdi iştirak edib. Layihənin məqsədi qadın zorakılığı və şiddətə qarşı mübarizə və gender bərabərliyinin təbliği, əqli və sağlamlıq imkanları məhdud olan və olmayan gənc qızların oğlanlar kimi idmanda iştirakının verdiyi üstünlüklərdən faydalanması, fiziki sağlamlıq, özünə inam, yeni dostlarla ünsiyyətin qurulması, nailiyyət, qələbə hislərini aşılamaq, idman vasitəsi ilə sağlamlıqlarının bərpası və cəmiyyətə inteqrasiyasından ibarətdir.
Diqqətə çatdırılıb ki, apreldə startı verilən layihəyə dekabrda yekun vurulacaq.
Bədii hissədən sonra qızlardan ibarət 4 komandanın iştirakı ilə futbol yarışı keçirilib. Şəki şəhərindəki İnteqrasiya təlimli internat tipli gimnaziyanın “Uğur” komandası yarışın qalibi adını qazanıb. Şəhər 20 saylı tam orta məktəbin “Zirvə” və şəhər qarışıq tipli uşaq evinin “Ulduz” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Şəhər 2 saylı tam orta məktəbin “Mələklər” komandası dördüncü olub.
Komandalar kubok və medallarla mükafatlandırılıblar.