Şəkidə aşağı seçki komissiyalarının üzvləri seçki günü prosedurları barədə maarifləndirilirlər
Bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində Şəki rayonunda fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Noyabrın 25-də başlanan treninqlərə hər üç seçki dairəsi üzrə, ümumilikdə 690 nəfər komissiya üzvü cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 113 saylı Şəki şəhər seçki dairəsinin tərkibində olan seçki məntəqələrinin sədr və üzvləri üçün treninqlər Şəki “ASAN xidmət” mərkəzində təşkil olunub. Treninqlərə dairənin 29 seçki məntəqəsinin 174 nəfər komissiya üzvü cəlb edilib.
Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş Tehran Əzizov və Elnur Mustafayev aparırlar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolların doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib.
Dairə seçki komissiyasının katibi Məmmədnuru Əzizov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu dairə üzrə Şəki şəhər, Qoxmuq və Baltalı bələdiyyələrinə, ümumilikdə 37 bələdiyyə üzvü seçiləcək. Mübarizə aparacaq namizədlərin sayı isə 117 nəfərdir.
114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə treninqlərə dairənin tərkibində olan 43 seçki məntəqəsindən 258 nəfər komissiya üzvü cəlb edilib. Dairə seçki komissiyasının üzvləri Azər Əhmədov və Adil Balacayevin tədris etdiyi məşğələlər zamanı vurğulanıb ki, seçkilərin demokratik və şəffaf keçirilməsi məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətindən çox asılıdır. Ona görə də, komissiya üzvləri öz peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını daha da artırmalı, seçki günü üzərlərinə düşən vəzifələri dəqiq bilməli və layiqincə yerinə yetirməlidirlər. Dairə üzrə 18 bələdiyyəyə 170 bələdiyyə üzvü seçiləcək. Qeydə alınan namizədlərin sayı isə 571 nəfərdir.
Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 115 saylı Şəki kənd ikinci seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Dairə seçki komissiyasının sədri Rasim Əzizovun bildirdiyinə görə, 4 gün davam edəcək treninqlərə dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsinin 258 nəfər üzvü cəlb olunub. Məşğələləri seçki dairəsinin baş məsləhətçisi Leyla İbrahimova və aparıcı məsləhətçi Gülnarə Cəlilova aparırlar. Bu dairədə 19 bələdiyyəyə 173 nəfər bələdiyyə üzvü yeri uğrunda 603 namizəd mübarizə aparacaq.
Maarifləndirici treninqlər bölgədə fəaliyyət göstərən digər seçki dairələrində də davam edir.