Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Oftalmologiya Mərkəzinin Şəki filialının keçirdiyi humanitar aksiyada 208 nəfər müayinə olunub

30 noyabr 2019 | 11:11

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının həkimlərinin noyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirdiyi humanitar aksiya zamanı 208 nəfər tələbə və müəllim müayinə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakıdan gəlmiş yüksək ixtisaslı həkim-oftalmoloq Lalə Məmmədova və Mərkəzin Şəki filialının həkimi Aynur Həmidova tərəfindən aparılan müayinələr zamanı pasiyentlərdə ən çox refraksiya patologiyaları – miopiya (uzağı zəif görmə), allergik konyunktivit, presbiopiya, quru göz sindromu və digər göz xəstəlikləri aşkarlanıb.
Həkim-oftalmoloq Lalə Məmmədova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, humanitar aksiyanın əsas məqsədi institutun filialında təhsil alan tələbələrin, həmçinin burada çalışan müəllimlərin, texniki işçilərin gözlərini erkən müayinə etmək, göz xəstəliklərini öncədən müəyyənləşdirmək, onların səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərməkdir.
Aksiya zamanı görmə zəifliyi olan pasiyentlərə vaxtında müayinə və müalicə olunmaları tövsiyə edilib, məsləhətlər verilib.
Aksiyanın əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 1-ci kurs tələbəsi Aytac Lətifli deyib: “Gözümdə problem vardı. Həkimə getməyə, müayinə olunmağa vaxt tapa bilmirdim. Yaxşı oldu ki, həkimlər özləri filialımıza gəldilər, bizi diqqətlə müayinə etdilər. Həkimlərin məsləhətlərinə qulaq asaraq, bundan sonra səhhətimə daha çox diqqət ayıracağam”.

Keçidlər