Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə İmadəddin Nəsimiyə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

01 dekabr 2019 | 10:11

Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, noyabrın 30-da Şəkidə “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Şərqşünaslıq, Elm Tarixi institutları və Şəki Şəhər İcra Hakimiyyətidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransa dəvət olunan elm adamları əvvəlcə tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olub, Ulu Öndərin həyat və fəaliyyətinə aid ekspozisiyaya baxıblar.
Konfransın əvvəlində Şəki Dövlət Regional Kollecin müəllim və tələbələrinin Nəsiminin şeirləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Konfransı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsinin şairə verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib.
Vurğulanıb ki, İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli sənətkarlar sırasında özünəməxsus yer tutur. Ədəbiyyat və fəlsəfə sahəsində zəngin irs qoyan Nəsimi öz yaradıcılığında mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib. Şairin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının zənginləşməsində müstəsna rolu var.
Diqqətə çatdırılıb ki, mütəfəkkir şairin yubileyi Şəki şəhərində də silsilə tədbirlərlə qeyd olunub, onun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecələr, esse, şeir və bədii qiraət müsabiqələri keçirilib, rəsm, kitab sərgiləri təşkil edilib.
Konfransda AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov çıxış edərək, dahi şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə məlumat verib.
Nəsimiyə həsr olunan beynəlxalq elmi konfransın Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayan Yaqub Mahmudov deyib: “Şəki Azərbaycanın, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. 2700 ildən çox yaşı olan bu qədim Azərbaycan şəhəri tarixin ən çətin anlarında doğma yurdu, Vətən torpağını, ədəbiyyatımızı, mədəniyyətimizi qoruyub saxlayıb. Şəki böyük mütəfəkkirlər yetişdirib. Ona görə də belə bir yurd yerində Nəsiminin yubileyinin keçirilməsi son dərəcə əlamətdardır”.
İnstitutun direktoru bildirib ki, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi dövlətimizin başçısının Azərbaycanın milli mənəvi dəyərlərini xüsusi diqqət mərkəzində saxladığını göstərir.
Akademik Yaqub Mahmudov deyib: “Sovet dönəmində Nəsiminin guya İslam əleyhinə olduğu bildirilirdi. Əslində isə o, dini elmin, maarifin inkişafına yol açmağa çağırır, xurafata və cəhalətə qarşı çıxış edirdi. O, dində islahatlar tərəfdarı idi. Nəiminin və Nəsiminin dində islahatlar təşəbbüsü orta əsrlər Avropasındakı dini islahatlardan – Reformasiya hərəkatından daha öncə baş verib. Dində islahat əslində Şərqdən başlayıb. Sadəcə orta əsrlər Şərqində islahat ideyaları baş tutmadı. Avropada isə Lüterçilik, Münserçilik, Kalvinizm inkişafa geniş yol açdı”.
Daha sonra konfransda Türkiyənin Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan “Mədəniyyətdə böhran, ayaqda qalan şəxsiyyətlər və İmadəddin Nəsimi”, Türkiyənin Qazi Universitetinin professoru Selma Yel “Azərbaycan-Türkiyə ortaq türk mədəniyyəti və İmadəddin Nəsimi”, qardaş ölkənin Hacı Bayramvəli Universitetinin professoru Fatma Turan “Nəsimin şeirlərində Həzrəti Məhəmməd və Əhli-beyt sevgisi” mövzularında çıxışlar ediblər.
Bildirilib ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESKO səviyyəsində qeyd edilib, Bakıda şairin heykəli ucaldılıb, haqqında bədii film çəkilib. 2017-ci ildə isə Nəsiminin vəfatının 600 illiyi UNESKO səviyyəsində qeyd olunub.
Elmi konfransda “İmadəddin Nəsimi və hürufiliyə dair bəzi məqamlar ərəbdilli qaynaqlarda”, “Azərbaycan dövlətçiliyində hürufilik hərəkatının yeri”, “Nəsimi düşüncəsində insan məfhumu” və digər mövzularda məruzələr dinlənilib.
Konfrans çərçivəsində türkiyəli alimlər Rəfiq Turan və Selma Yelə AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.
Beynəlxalq konfrans bölmə iclaslarında öz işini davam etdirib.

Keçidlər