Çindən gətirilən tut tinglərinin 40 min ədədi Şəki rayonu ərazisində əkilir
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu günlərdə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 40 mininin Şəki rayonu ərazisində əkilməsi nəzərdə tutulub. Tinglər artıq rayona gətirilib və könüllülük prinsipi əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılıb. Tinglərin əkini artıq başa çatmaq üzrədir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisinin məlumatına görə, baramaçılığın gələcək inkişafını təmin etmək məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 376 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 162 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.