Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Şəkidə bölgə vətəndaşlarını qəbul etmişdir

07 iyun 2013 | 15:00

İyunun 6-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Şəki şəhərində şimal-qərb bölgəsinin vətəndaşlarını qəbul etmişdir.
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının akt zalında Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şəki, Mingəçevir şəhərindən, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından  olan 60 nəfərə yaxın vətəndaşın müraciəti dinlənilmişdir.
Qəbul barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumat verilmiş, Komitənin region üzrə bütün struktur və şöbələrinin yerləşdiyi inzibati binaların qarşısında müvafiq elanlar yerləşdirilmişdir.
Qəbul zamanı vətəndaşlar əsasən Rusiya və digər xarici ölkələrdə müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyaların səhvi səbəbindən siyahılara salınmaması, həyətyanı sahələrinin meşə fondu və qış otlağı ərazilərinə düşmələri, torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və digər məsələlər barədə müraciətlər etmişlər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər Komitənin müvafiq şöbələrinin əməkdaşları tərəfindən obyektiv şəkildə araşdırılmış, qurumun səlahiyyətlərinə aid olan məsələlərin həlli üçün aidiyyəti rayon və şəhər şöbələrinin rəhbərlərinə yerindəcə rəsmi qaydada tapşırıqlar verilmişdir. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarda isə, belə müraciətlər aidiyyəti qurumlara göndərilmək üçün Komitənin kargüzarlığında qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

Keçidlər