Şəki şəhəri ilə Çinin Janciajiye şəhəri arasında qardaş şəhər əlaqələrinin qurulmasına dair niyyət protokolu imzalanmışdır
8-10 dekabr 2019-cu il tarixlərdə Çin Xalq Respublikasının Hunan əyalətinin Janciajiye şəhərində “İpək Yolu Şəhərləri Alyansı”nın növbəti İllik Konfransı keçirilmişdir. Konfrans “Ekoloji Mühafizə, Ümumi Şəhər İnkişafının Həlli ilə bağlı Dialoq” mövzusuna həsr edilmiş və Janciajiye şəhərinin Administrasiyası, “İpək Yolu” Beynəlxalq Ticarət Palatası, “İpək Yolu Şəhərləri Alyansı” tərəfindən təşkil edilmişdir.
53 ölkənin, dost şəhərlərin, “İpək Yolu Şəhərləri Alyansı” üzvlərinin, beynəlxalq turizm təşkilatlarının, şirkətlərin nümayəndələrinin, eyni zamanda alim və mütəxəssislərin iştirak etdiyi İllik Konfransa dəvət almış Şəki şəhərini icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov təmsil etmişdir. Konfrans çərçivəsində dekabrın 9-da H.Həsənov Janciajiye şəhərinin meri ilə görüşmüş, Şəki şəhəri ilə Janciajiye şəhəri arasında qardaş şəhər əlaqələrinin qurulmasına dair niyyət protokolu imzalanmışdır.
“İpək Yolu Şəhərləri Alyansı”nın İllik Konfransı “Bir kəmər, bir yol” ölkələri və bölgə şəhərləri arasında əməkdaşlığın genişləndirilməsinə və biznesin inkişafa xidmət edir.
Qeyd edək ki, Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Bu iqtisadi strategiya ölkəmiz üçün də böyük əhəmiyyətə malikdir.