Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Şəki teatrında dörd yeni tamaşa hazırlanacaq

16 yanvar 2020 | 16:00

Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2020-ci ildə Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Sevda Nəsirova məlumat verib.
Teatrın rəsmisi bildirib ki, builki mövsümdə bu sənət ocağında Xaqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti”, Sabit Rəhmanın “Yalan”, Əbdürrəhim bəy Haqverdiyevin “Ağaməhəmməd şah Qacar” əsərləri, həmçinin uşaqlar üçün Nazim Hikmətin “Kor padşah” nağılı tamaşaya qoyulacaq. Əməkdar incəsənət xadimi Sabit Rəhmanın və görkəmli dramaturq Ə.Haqverdiyevin əsərlərinin seçilməsində məqsəd dramaturqların 110 və 150 illik yubileylərinin bu ilə təsadüf etməsi ilə əlaqədardır.
Hazırda teatrda “Çələbi xana Qızılqaya xəyanəti” əsərinin məşqləri gedir. İki hissəli dram görkəmli tarixçi alim, Dövlət mükafatı laureatı, AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunub. Əsər Azərbaycanın xanlıqlar dövrünün tarixinə işıq salır. Xanlıqlar arasındakı ədavət, Nadir şahın hakimiyyəti dövründə yerli əhalinin başına gətirilən oyunlar, eyni zamanda, Şəki xanı Hacı Çələbinin ailəsində baş verən hadisələr əsərin əsas süjet xəttini təşkil edir.

Keçidlər