Şriftin ölçüsü :

Saytın rəngi :

İcbari tibbi sığortanın tətbiqi vətəndaşlara xidmətin səviyyəsini yüksəldir

16 yanvar 2020 | 16:00

Əhalinin sağlamlığının qorunması dövlətimizin sosialyönümlü siyasətinin tərkib hissəsidir və bu məsələ ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, son illər dövlət büdcəsində səhiyyə sahəsinə ayrılan xərclər dəfələrlə artıb, respublikamızda müasir tibbi avadanlıq və cihazlarla təchiz olunmuş yüzlərlə yeni tibb müəssisə əhalinin istifadəsinə verilib.

Səhiyyə sahəsində aparılan uğurlu islahatların davamı kimi, ölkəmizin bəzi regionlarında artıq icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Əsas məqsəd əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və yüksək keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir.

Bu il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə tətbiqinə başlanılan rayonlardan biri də Şəkidir. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək və bu xidmətlərdən rayon sakinləri ilə yanaşı, ətraf rayonların əhalisi də faydalanacaq.

AZƏRTAC-ın bölgə müxbiri Şəki Rayon Mərkəzi Xəstəxanasında olub, icbari tibbi sığorta sisteminə keçidlə bağlı görülən işlərlə maraqlanıb.

Şəki Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktor müavini Sərxan Musayev bildirib ki, yeni sistemə keçdikdən sonra Şəki şəhərinin səhiyyə ocaqları, o cümlədən xəstəxananın poliklinika şöbəsi, uşaq poliklinikaları, Perinatal Mərkəz, həmçinin Təcili Tibbi Yardım Stansiyası rayon Mərkəzi Xəstəxanasının binasına köçürülüb. Məqsəd sakinlərə bir mərkəzdə xidmət göstərməklə vətəndaş məmnunluğuna nail olmaqdır. Poliklinikanın yerləşdiyi əvvəlki binada isə Ailə Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Hazırda rayon əhalisinə Mərkəzi Xəstəxana ilə yanaşı, Turan qəsəbəsi, Aşağı Göynük və Kiçik Dəhnə kənd xəstəxanalarında yaradılan Ailə Sağlamlıq mərkəzləri, həmçinin 15 kənd həkim və 41 kənd tibb məntəqəsi vasitəsilə tibbi xidmətlər təqdim olunur. Perinatal Mərkəzin xidmətlərindən isə bölgəyə daxil olan rayonlarla yanaşı, Yevlax və Mingəçevir şəhərlərinin, Ağdaş rayonunun əhalisi də faydalanır.

Sərxan Musayev bildirib ki, icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar rayon mərkəzi xəstəxanasına müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün xəstəxanada 20 yerdə qeydiyyat mərkəzi yaradılıb. Sakinlər əvvəlcə Ailə Sağlamlıq Mərkəzindəki ailə həkiminə müraciət edirlər. Sonra xəstə müayinələrdən keçmək üçün rayon mərkəzi xəstəxanasının müvafiq şöbələrinə göndərilir, ehtiyac yaranarsa, ixtisaslı həkimlərə yönləndirilir.

Direktor müavininin sözlərinə görə, yanvarın əvvəlindən bu günədək xəstəxanaya 10 mindən çox sakin müraciət edib. Onlardan 140 nəfəri stasionar, 8508 nəfər isə ambulator müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 1500-2000 nəfərədək vətəndaş müraciət edir.

Müayinə olunmaq üçün xəstəxanaya gələn Şəki sakini Nazlı Qəribova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində yaradılan şəraitdən razı qaldığını bildirib: “Son vaxtlar gözümdə problem yaranıb. Burada çalışan Gülnarə həkimə göstərməyi məsləhət bildilər. Məni çox yaxşı qarşıladılar. Həkim hərtərəfli müayinə etdi və katarakta əməliyyatının aparılmasını məsləhət gördü. Müalicə üçün Bakıya getməyimə ehtiyac yoxdur, elə bu xəstəxanada da əməliyyat olunacağam”.

Oftalmoloq-həkim Gülnarə Məmmədovanın sözlərinə görə, icbari tibbi sığorta sisteminə keçdikdən sonra müraciətlərin sayı artıb. Bütün əməliyyatlar sığorta hesabına həyata keçirilir.

Xəstəxanaya müraciət edən vətəndaşlar ümumi və biokimyəvi laboratoriyaların, rentgen, ultrasəs, elektrokardioqrafiya, flüoqrafiya və digər tibbi kabinetlərin xidmətlərindən geniş istifadə edirlər.

Keçidlər