Şriftin ölçüsü :

Saytın rəngi :

Son illər Şəki rayonunda 81 subartezian və artezian quyusu qazılıb

05 fevral 2020 | 16:00

Əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.

Dördüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev meliorativ tədbirlərin infrastruktur layihələri arasında önəmli yer tutduğunu vurğulayaraq deyib: “Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilmişdir, 300-dən çox subartezian quyusu qazılmışdır. Bu proses bu il də davam etdiriləcək. Bu infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilmişdir. Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır”.

Dövlətimizin başçısı bu il suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasının təmin ediləcəyini diqqətə çatdırıb.

Son illər respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsi rayonlarında da bu sahədə xeyli iş görülüb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində son illər Şəki rayonunda həyata keçirilən meliorativ tədbirlər barədə ətraflı məlumat verib.

İdarə rəisi bildirib ki, sovetlər dönəmində 70 il müddətində Şəki rayonunda cəmi 103 subartezian və artezian quyusu qazılmışdısa, Prezident İlham Əliyevin son illər imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamlara uyğun olaraq, təkcə 2013-2019-cu illər ərzində rayon ərazisində 81 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində 773 hektar əkin sahəsinin suvarma suyu və 35 min nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.

Təkcə 2019-cu ildə rayonda 12 subartezian və 1 artezian quyusu qazılaraq istifadəyə verilib. Bir ildə bu quyulardan 6 milyon 821 min kubmetr su çıxarılıb.

Sabir Əhmədovun verdiyi məlumata görə, hazırda rayon ərazisində 176 subartezian və 8 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 2773 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan 40 minədək sakinin içməli su ilə təminatı ödənilir. 2020-ci ildə rayon ərazisində daha 13 subartezian və 5 artezian quyusunun qazılması nəzərdə tutulur. Bu quyular istismara verildikdən sonra Şəki rayonunda əlavə olaraq 200 hektaradək əkin sahəsinin suvarma və 3 min nəfər əhalinin içməli su ilə təminatı daha da yaxşılaşacaq.

Keçidlər