Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin seçki dairələrində parlament seçkilərinə hazırlıq işləri tam başa çatıb

05 fevral 2020 | 16:00

Bu il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərə saylı günlər qalıb. Şəki rayonunun ərazisində fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrində parlament seçkilərinə hazırlıq işləri tam başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri seçki məntəqələrinin hazırlıq vəziyyəti ilə tanış olmaq üçün hər üç dairənin bir neçə seçki məntəqəsində olub, məntəqə seçki komissiyalarının fəaliyyəti ilə maraqlanıb.

113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadənin bildirdiyinə görə, Milli Məclisə seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim-plana və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılıb. Səsvermənin keçiriləcəyi 29 seçki məntəqəsinin hər biri zəruri avadanlıqla, habelə müxtəlif təlimat və texniki vasitələrlə, dayanıqlı rabitə ilə təmin olunub. Səsverməyə 5 gün qalmış Şəki Penitensiar Xidmət Müəssisəsində 30 saylı seçki məntəqəsi də yaradılacaq. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 37 min 223 nəfərdir. Onlardan 12 nəfəri ilk dəfə səs verəcək.

Komissiya sədrinin sözlərinə görə, dairə üzrə 8 nəfər namizəd qeydə alınıb. Onlardan bir nəfəri siyasi partiyanı təmsil edir. Yeddi nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə 421 nəfər yerli və 3 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Dairənin tərkibində olan 25 saylı seçki məntəqəsi şəhərdəki 8 saylı tam orta məktəbin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Əminə İsmayılovanın məlumatına görə, məntəqə üzrə 1227 seçici qeydə alınıb. Onlardan 10 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Məntəqə üzrə yaşlı və səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb. Müraciət olunarsa, onların evlərinə daşınan seçki qutusu göndəriləcək. Seçicilərə səsvermənin keçirilmə vaxtı və yeri barədə bildirişlərin paylanılması işi artıq başa çatıb.

114 saylı Şəki kənd birinci seçki dairəsində də parlament seçkilərinə hazırlıq işləri MSK-nın təsdiq etdiyi təqvim-plana uyğun aparılır. Dairə seçki komissiyasının sədri Məharət Məmmədovun bildirdiyinə görə, 39 min 111 seçicinin qeydə alındığı bu dairədə səsvermə 43 seçki məntəqəsində keçiriləcək. İlk dəfə səs verəcək seçicilərin sayı 90 nəfərdir. Dairə üzrə bir mandat uğrunda 10 namizəd mübarizə aparır. Onlardan bir nəfəri siyasi partiyanı təmsil edir. Doqquz nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb Seçkilərin gedişini izləmək üçün 601 nəfər müşahidəçi qeydiyyatdan keçib.

Dairənin Aşağı Göynük kəndindəki diyarşünaslıq evində fəaliyyət göstərən 7 saylı seçki məntəqəsində də seçkilərə hazırlıq işləri başa çatıb və məntəqə səsverməyə tam hazır vəziyyətdədir. Seçki komissiyasının sədri Şükrət İdrisovun bildirdiyinə görə, 971 seçicinin qeydə alındığı bu məntəqə üzrə qeydə alınan ən yaşlı seçicinin - 90 yaşlı Göyçək Qasımovanın evinə daşınan seçki qutusu aparılacaq.

115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Rasim Əzizovun məlumatına görə, dairənin tərkibində olan 43 seçki məntəqəsində seçicilərin ümumi sayı 37 min 542 nəfərdir. Onlardan 61 nəfəri ilk dəfə səs verəcək. Dairə üzrə yeganə mandat uğrunda 8 namizəd mübarizə aparır. Onlardan bir nəfəri siyasi partiyanı təmsil edir. Yeddi nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Seçki məntəqələrində səsvermənin gedişini 417 yerli müşahidəçi izləyəcək. Dairənin bütün seçki məntəqələri zəruri avadanlıq və texniki vasitələrlə təmin olunub. Məntəqə seçki komissiyalarının üzvləri səsvermə gününün prosedurları barədə tam məlumatlandırılıblar.

Dairənin tərkibində olan 37 saylı seçki məntəqəsində Milli Məclisə seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə seçki komissiyasının sədri Günel Rəhimovanın bildirdiyinə görə, artıq bütün seçicilərə səsvermənin vaxtı və yeri barədə bildirişlər paylanılıb.

Keçidlər