Milli Qurtuluş Günü ərəfəsində Şəkidə yeni məktəb binaları istifadəyə verilmişdir
15 iyun-Milli Qurtuluş günü münasibətilə 12 iyun 2013-cü il tarixdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri Ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Sonra Şəki rayonunun Əliyar kənd ümumi orta məktəbi üçün tikilmiş 80 şagird yerlik və Aşağı Layısqı kənd tam orta məktəbi üçün tikilmiş 360 şagird yerlik yeni məktəb binalarının açılışı olmuşdur.
Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, müəllim və şagirdlərin, kənd sakinlərinin iştirakı ilə keçirilən açılış mərasimlərində ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışılmış, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanmışdır. Bildirilmişdir ki, təkcə son bir ildə Şəkidə dövlət vəsaiti və digər maliyyə mənbələri hesabına 8 yeni məktəb binası tikilib istifadəyə verilmiş, bir neçə məktəb binası əsaslı təmir edilmişdir.
Mərasimlərdə çıxış edən kənd sakinləri, ziyalılar müasir tariximizin ən şanlı səhifələrindən olan 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində belə dəyərli hədiyyəyə, habelə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra yeni məktəb binalarına baxış keçirilmişdir. Məlumat verilmişdir ki, Şəki şəhərindən 35 kilometr aralıda yerləşən Əlyar kəndindəki 80 şagird yerlik yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılmışdır. Aşağı Layısqı kəndindəki 360 şagird yerlik ikimərtəbəli yeni məktəb binasında 18 sinif otağı, laboratoriya və fənn kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları var. Hər iki məktəb binasında müasir istilik sistemi quraşdırılmış, binalar yeni inventar və avadanlıqla təchiz olunmuşdur.