Son illər Şəkidə 2,9 min hektarda yeni fındıq bağı salınıb
Gəlirli sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə bu ilin yaz aylarında Şəki rayonunda daha 180 hektarda yeni fındıq bağının salınması nəzərdə tutulur. Beləliklə, 2016-cı ildən sonra rayonda yeni salınan fındıq bağlarının ümumi sahəsi 2,9 min hektara çatdırılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rafik Məmmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə təkcə ötən il rayon ərazisində 1068 hektarda yeni fındıq bağı salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3 min 891 hektardır. Ötən il bağlardan 3 min 297 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 217 ton artıb.