Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir: dəm qazı ilə ehtiyatlı olun!
Havaların soyuması nəticəsində əhali mənzillər isti olsun deyə qapı və pəncərələri bağlı saxlayırlar. Bu isə qaz cihazlarının istismarı zamanı tüstü bacalarının normal işləmədiyi binalarda əhali arasında dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.
Dəm qazından zəhərlənmənin əsas səbəbləri bunlardır:
- suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);
- standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;
- yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;
- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;
- sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;
- sobada və borularda çatların və nasazlıqların olması.
Dəm qazından zəhərlənmə halı həm də yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Kimyəvi adı karbon-monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlukəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır.
Dəm qazından zəhərlənmədən qorunmaq üçün qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, tüstü bacalarının sazlığı və işə yararlı olması yoxlanılılmalı, yalnız bundan sonra cihaz istismara buraxılmalıdır.
Quraşdırılan hər bir məişət qaz qızdırıcısı standarta uyğun olmalı, onların təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir. Belə ki, nasaz sobalardan və tüstü borularından istifadə etmək olmaz. Havaçəkən sistem işləməli, nəfəslik aşıq olmalıdır. Hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalıdır. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Tüstü boruları binaların dam örtüyünün xarici səthindən 70 sm yüksəklükdə olmalıdır.Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.
Tüstü bacası normal işləmədikdə təkcə dəm qazından zəhərlənmə halı deyil, həm də yanğın baş verir. Məlumdur ki,əksər hallarda otel, restoran, xəstəxana, məktəb və digər mətbəxi olan müəssisələrin tüstü bacalarında yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfiqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə C-yə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir.
Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir.
Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələrin baş verməməsi üçün aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:
- Yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi fövqəladə halların baş verməməsi üçün obyektlərdə və yaşayış sahələrində standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır!
- Hər bir məişət qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir!
- Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz. Qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri yalnız qaz təsərrüfatı müəssisəsi tərəfindən həyata keçirilməlidir!
- Mənzildə adam olmayanda içəri daxil olarkən qazın sızmamasına tam əmin olmamış işığı yandırmaq, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək, açıq alovdan istifadə etmək olmaz!
- Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, bütün sobaların tüstü bacaları təmizlənməlidir!
- Qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, uşaqlara, xəstələrə etibar edib evdən çıxmaq olmaz!
- Qaz cihazlarına qazın nəql edilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır!
- Qaz kəmərlərindən və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq alovdan istifadə etmək olmaz. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir!
- Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq vəziyyətdə olmalıdır. Mənzili tərk edərkən qaz cihazları mütləq söndürülməli, qaz borularının ventilləri bağlanmalıdır!
- İşlək qaz cihazlarını nəzarətsiz qoymaq, sobaların həddindən artıq qızmasına yol vermək olmaz!
- Mətbəxdə məişət qaz sobalarının üzərinə qazan, çaydan və s. suyun səviyyəsi elə olmalıdır ki, su qaynayanda daşmasın. Belə ki, qaynayan su daşıb odluğu söndürə bilər. Bu isə qaz sızması ilə nəticələnər və partlayış baş verər!
Yadda saxlayın! Tüstü bacalarının təmizlənməməsi həyatınız üçün təhlükədir!
FHN DYNX-nin Yanğına Qarşı Təbliğat Şöbəsi