Şəkidə könüllülər üçün Qış məktəbi təşkil edilib
Şəki şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Qış məktəbi” layihəsinə start verilib. Fevralın 17-dən 21-dək davam edəcək beşgünlük layihəyə Azərbaycanın müxtəlif bölgələrindən olan 60-dan çox gənc könüllü cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 18-də “Şəki-Palas” otelinin konfrans zalında Qış məktəbinin açılış mərasimi olub.
Mərasimdən əvvəl layihənin iştirakçıları ümummilli lider Heydər Əliyevin Şəki şəhərində ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov tədbirdə çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edildiyini və bununla əlaqədar Fond tərəfindən bu il könüllülük fəaliyyəti ilə bağlı bir sıra layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb. Bildirilib ki, bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd ölkə gənclərini milli və mənəvi dəyərlərimizin təbliğində könüllü fəaliyyətə cəlb etmək, bu dəyərlərin inkişaf etdirilməsində, yaşadılmasında könüllülərin rolunu artırmaqdır. Qeyd olunub ki, davamlı olaraq keçirilən yay və qış məktəbləri gənclərin asudə vaxtlarının mənalı və səmərəli təşkilində, dünyagörüşlərinin zənginləşdirilməsində, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sadiq Yusifov çıxış edərək, belə layihələrin ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.
Sonra şair, yazıçı Kənan Hacının “Mənəvi dəyərlərimiz və ədəbiyyat” mövzusunda məruzəsi dinlənilib.
Qeyd edək ki, layihə çərçivəsində gənclər Şəki şəhərindəki Heydər Əliyev Mərkəzi, Xan Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi, “Yuxarı Karvansaray” kompleksi, Mirzə Fətəli Axundzadənin, Bəxtiyar Vahabzadənin, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın ev-muzeyləri, Şəkinin Mərkəzi “Cümə” məscidini, Kiş kəndində yerləşən qədim alban məbədi və digər tarixi məkanları, mədəniyyət ocaqlarını, dini abidələri ziyarət edəcəklər.
Könüllülər, həmçinin “Dəyərlərimizin təbliğində könüllülük fəaliyyəti” ilə bağlı məruzələr dinləyəcək, intellektual, milli oyunların iştirakçısı olacaqlar.
“Qış məktəbi”nə fevralın 21-də yekun vurulacaq.