Fövqəladə Hallar Nazirliyinin məlumatı
Yaşayış evlərinin həyətlərində yanğın avtomobillərinə maneə olmamalıdır
Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə yanğınlar ən çox yaşayış evlərində baş verir. Bu da havaların soyuması, istilik enerjisinə tələbatla əlaqədar mənzillərdə qaz və elektrik cihazlarından daha çox istifadə edilməklə bərabər, qapı-pəncərələrin bağlı olması səbəbi ilə əlaqədardır.
Təbii ki, yanğın baş verdikdə ilk növbədə yanğından mühafizə xidmətinə məlumat verilir və hadisə yerinə yanğın avtomobilləri cəlb olunur. Bu texnikanın yanğının mənbəyinə yaxınlaşması üçün yaşayış məntəqələrində yanğın keçidləri inşa olunmuşdur.
Yanğınların söndürülməsində əsas vasitə yanğınsöndürmə avtomobilləri hesab edilir. Bu texnikanın yanğının mənbəyinə yaxınlaşması üçün yaşayış məntəqələrində yanğın keçidləri inşa olunur. Yanğın keçidi xüsusi texnikanın yanğının söndürülməsi üçün maneəsiz, qısa müddət ərzində yanğın yerinə yaxınlaşmasına imkan verən iki tərəfi açıq olan yoldur. İlk növbədə yanğın keçidinin hər iki tərəfi açıq olmalıdır. Ümumiyyətlə, obyektlərdə yanğın keçidlərinin parametrləri ilə bağlı irəli sürülən tələblər 2.6-1 “Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nda əksini tapmışdır. Hər hansı bir texniki normalar haqqında danışmazdan əvvəl, diqqətimizi yanğın keçidləri və ona bitişik olan ərazilərin istifadəsi ilə bağlı olan ümumi tövsiyə və məhdudiyyətlərə yönəldək.
İlk öncə bu faktı qeyd etməliyik ki, binaların həyətlərində çox vaxt avtomobillərin park edilməsinə yerlər təyin olunur. Bu gün nəqliyyat vasitələrinin sayı hədsiz çoxdur, onların sahibləri ilk gördükləri boş yerdə avtomobillərini bir gecəlik və ya bir neçə günlük saxlamaqdan çəkinmir, lakin bu zaman nəzərə almırlar ki, həmin bu yer yanğın keçidinin bir hissəsi ola bilər.
Yanğın keçidləri ilə bağlı texniki tələblər mövcuddur. Bu tələbə əsasən yanğın keçidinin eni birbaşa onun yanında mövcud olan binaların mərtəbəliyindən asılı olmaqla 3,5 metrdən az nəzərdə tutulmamalıdır. Burada sadə prinsip mövcuddur - bina nə qədər yüksək olarsa, keçidin eni bir o qədər enli olmalıdır. Bu amilin çox sadə izahı vardır. Belə ki, 15-ci mərtəbədə baş vermiş yanğının söndürülməsi üçün çox güclü texnikanın mövcudluğu zəruridir. Yanğın avtomobillərinin gücü isə bilavasitə onların qabaritlərindən asılıdır, yanğının söndürülməsində istifadə olunacaq yanğın texnikasının texniki imkanları binanın ölçülərinə uyğun olmalıdır. Yanğın texnikasının yaşayış və ictimai binalara, o cümlədən onlara bitişik tikililərə yanaşması və yanğınsöndürənlərin avtonərdivanlardan və ya avtoqaldırıcılardan hər hansı bir mənzilə və ya otağa keçə bilmək imkanı təmin edilməlidir. Bu qayda yanğın keçidlərinin yalnız eninə deyil, hündürlüyünə də şamil olunur. Yanğın keçidinin hündürlüyü 4,25 metrdən az olmamalıdır.
Bir qayda olaraq, nəqliyyat keçidlərinin kənarından mərtəbəliyi 2-10 olan binalaradək məsafə 5-8 metr, 11 və daha çox mərtəbəli binalaradək isə 8-10 metr qəbul edilməlidir. Bu zonada hasar çəkilməsinə, hava elektrik ötürücü xətlərinin yerləşdirilməsinə və ağacların sıra ilə əkilməsinə yol verilmir.
Binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün yararlı, maşınlardan yer örtüyünə və torpağa düşə bilən yük nəzərə alınmaqla eni 6 m olan zolaqlar nəzərdə tutulmalıdır.
Təəssüf ki, bəzən sakinlər binalarin giriş yolunu kənar maşınların daxil olmaması üçün dirək basdırmaqla məhdudlaşdıraraq, həm də yanğınsöndürən avtomobillərin maneəsiz hərəkətinə əngəl törədirlər. Unutmaq olmaz ki, yanğının söndürülməsi üçün hər saniyə qiymətlidir.
Zibilxanaların, kol-kosun yandırılmasının qarşısı alınmalıdır!
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hardasa zibilliklərin, kol-kosun yanması ilə bağlı hər gün məlumat daxil olur. Yaşayış evlərində, iri ticarət müəssisələrində, zavodlarda və digər böyük obyektlərdə baş verən yanğınlar insanları həyəcanlandırdığı halda, zibilliklərin, kol-kosun yanması çoxlarına əhəmiyyətsiz görünür.
Əslində isə hər bir yanğın fövqəladə hadisədir. Yanğının böyüyü, kiçiyi yoxdur. Çünki çox vaxt böyük yanğınlar kiçik yanğınlardan törəyir. Əgər yol kənarında kol-kos yanaraq meşəyə keçirsə və yüzlərlə hektar meşə sahəsi məhv olursa, yaxud biçilmiş, məhsulu yığılmış taxıl sahəsi yandırılırsa və bu yanğın ot tayasına, evə keçirsə və ekologiyaya ziyan dəyirsə, buna əhəmiyyətsiz yanğın demək olmaz.
Fövqəladə Hallar Nazirliyində “112” qaynar xəttinə daxil olan hər bir məlumata, o cümlədən yanğın hadisəsinə fövqəladə hadisə kimi çox önəm verilir. Yanğın haqqında məlumat daxıl olan kimi dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin hadisəyə ən yaxın məsafədə yerləşən yanğın hissəsi məlumatlandırılır. Həyəcan siqnalını hər saniyə hazır vəziyyətdə gözləyən əməkdaşlar heç bir dəqiqə keçməmiş hadisə yerinə yollanırlar. Yanğının həcmi kiçik olsa da vaxt itirilir, əmək, yanacaq sərf olunur, dövlət vəsaiti xərclənir. Biz hələ hər yanğından sonra yanğın avtomobilinin yenidən su ilə doldurulmasını, yuyulub təmizlənməsini, yanğın şlanqlarının qurudulmasına sərf olunan yanğınsöndürən əməyini demirik. Axı onlar bu enerjini, əməyi insanların səhlənkarlığı, bəzən də qəsdən yandırdığı zibilliklərin, qurumuş kol-kosun, biçilmiş taxıl sahələrinin söndürülməsinə deyil, digər baş verən yanğınların söndürülməsinə sərf edə bilərlər.
Göründüyü kimi məişət tullantılarının, qurumuş kol-kosun, biçilmiş taxıl sahələrinin yandırılması yolverilməzdir və bu kimi yanğınlar ya onun törədəcəyi fəsadları bilməməzlikdən, yaxud da bilərəkdən törədilir.
Əkin sahələrinin yandırılması, həmçinin nəticə etibarı ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirir. Həmçinin, əkin sahələrinin, qurumuş kol-kosun yandırılması yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olur. O cümlədən mazut gölməçələrinin də yandırılması ekologiyanın çirklənməsinə, insanların sağlamlığına təsir edir. Odur ki, əhali və yerli özünüidarəetmə orqanları arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işlərinin aparılmalı, bu cür yanğınların qarşısı alınmalıdır.
Bina və qurğuların ildırımdan mühafizəsi
İldırım təbiət hadisəsi olsa da bəzən yanğın və partlayışlara, çox böyük fəlakətlərə səbəb olur. Binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat mövcuddur. Bu təlimat binaların, qurğuların və sənaye kommunikasiyalarının layihələndirilməsi, tikintisi, istismarı, həmçinin yenidən qurulması zamanı istifadə üçün nəzərdə tutulub.
Binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat idarə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün növlərdə olan binalara, qurğulara və sənaye kommunikasiyalarına şamil edilir.
Hər hansı bir sahə üzrə normativ sənədlərin tələbləri bu metodik göstərişın tələblərindən daha sərt olduğu halda ildırımdan mühafizənin işlənməsi (layihələndirilməsi) zamanı sahə normativinin tələblərini yerinə yetirmək tələb olunur. Mühafizə olunacaq obyektin texnoloji xüsusiyyətləri ilə ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimatın tələblərini uyğunlaşdırmaq mümkün olmadıqda da eyni ilə hərəkət etmək lazımdır. Bu zaman istifadə olunan ildırımdan mühafizə vasitələri və üsulları tələb olunan etibarlılığı təmin etməlidir. Binaların, qurğuların və sənaye kommunikasiyalarının layihələndirilməsi zamanı təlimatın tələblərindən başqa əlavə olaraq ildırımdan mühafizənin yerinə yetirilməsinə qüvvədə olan digər normalar, qaydalar, təlimatlar və dövlət standartları nəzərə alınmalıdır.
İldırımdan mühafizənin normalaşdırılması zamanı ilkin müddəa olaraq qəbul olunmuşdur ki, onun istənilən qurğusu ildırımın inkişafının qarşısını ala bilməz. İldırımdan mühafizənin seçilməsi zamanı normativlərdən istifadə ildırım zərbəsindən dəyə biləcək ziyanların riskini kifayət qədər azaldır. İldırımdan mühafizə qurğusunun tipi və yerləşdirilməsi yeni obyektin layihələndirilmə mərhələsində seçilir ki, onun elektrik keçirici elementlərindən maksimum istifadə etmək mümkün olsun. Bu ildırımdan mühafizə qurğusunun işlənməsini və yerinə yetirilməsini asanlaşdırar, binanın estetik görüntüsünü yaxşılaşdıırar, ildırımdan mühafizənin effektliyini yüksəldər, onun qiymətini və əmək sərfini azaldar.
Yerə olan ildırım zərbəsi – ildırım buludu ilə yer arasında atmosfer mənşəli bir, yaxud bir neçə cərəyan impulsundan ibarət olan elektrik boşalmasıdır.
Zərbə nöqtəsi–ildırımın yer, bina yaxud ildırımdan mühafizə qurğusu ilə birləşmə və ya toxunma nöqtəsidir.
Mühafizə olunan obyekt–bu normativin tələblərinə cavab verən ildırımdan mühafizəsi yerinə yetirilmiş bina, yaxud qurğu, onların hissələri və ya əhatə sahələridir.
İldırımdan mühafizə qurğusu–bina, yaxud qurğunu ildırımın təsirindən (vurmasından) mühafizə etməyə imkan verən sistemdir. O, mühafizənin daxili və xarici qurğularını özündə birləşdirir. Birbaşa ildırım zərbəsindən mühafizə qurğusu (ildırımötürücülər) – ildırımqəbuledicilərdən, cərəyanötürücülərdən və yerbirləşdiricilərdən ibarət olan kompleksdir.
İldırımın ikinci təsirindən mühafizə ildırımın elektrik və maqnit sahələrinin təsirini məhdudlaşdıran qurğu vasitəsilə həyata keçirilir.
İldırımqəbuledici – ildırımı tutmaq, cəlb etmək üçün olan hissə, ildırımötürücüsünün bir hissəsidir.
Cərəyanötürücü (cərəyankecirici) – ildırım cərəyanını ildırım qəbuledicidən yerləbirləşdiriciyə ötürmək üçün olan hissə, ildırımötürücüsünün bir hissəsidir.
Yerləbirləşdirici qurğu - yerləbirləşdiricilərlə yerləbirləşdirici keçiricilərin birliyidir, cəmidir.
Təhlükəsiz məsafə–mühafizə olunan obyektin daxilində, yaxud xaricində olan iki keçirici arasında təhlükəli qığılcımlanma yaranması mümkün olmayan minimal məsafəyə deyilir.
İfrat gərginlikdən mühafizə qurğusu–mühafizə olunan obyektin elementləri arasında ifrat gərginliyin məhdudlaşdırılması üçün olan qurğudur.
Tək dayanan ildırımötürücü–ildırımqəbuledici və cərəyanötürücü hissələri vasitəsilə axan ildırım cərəyanın axma yolu ilə heç bir əlaqəsi olmayan mühafizə olunan obyektin ildırımötürücüsüdür.
Mühafizə olunan obyekt üzərində quraşdırılmış ildırımötürücü–ildırımqəbuledici və cərəyanötürücü hissələrdən axan cərəyanın bir hissəsinin mühafizə olunan obyektlə, yaxud onun yerləbirləşdiricisi ilə axması mümkün olan ildırımötürücüdür.
İldırımötürücünün mühafizə zonası–elə bir sahədir ki, obyekt bütövlükdə bu sahədə yerləşdikdə oraya ildırım zərbələrinin ehtimalı verilmiş (nəzərdə tutulmuş) qiymətdən çox olmasın.
Mühafizə zonasını ötüb keçən ildırım zərbələrinin yol verilən ehtimalı–ildırımötürücü ilə mühafizə olunan obyektə ola biləcək ildırım zərbələrinin yol verilən ehtimalnın son həddidir.
Obyektlərin təsnifatı obyektin özünün və onun ətrafının ildırım zərbəsinə məruz qalma təhlükəsi üzrə təyin edilir. İldırımın bilavasitə təhlükəli təsiri–bu yanğınlar, mexaniki zədələnmələr, insanların və heyvanların travmaları, həmçinin elektrik və elektron avadanlıqlarının zədələnməsidir. İldırım zərbəsinin nəticəsi olaraq partlayışların olması və təhlükəli maddələrin–radioaktiv və zəhərli kimyəvi maddələrin, həmçinin bakteriyaların və virusların ayrılması ola bilər. İldırım zərbəsi xüsusilə informasiya sistemləri, idarəetmə, nəzarət və elektrik təchizatı sistemləri üçün təhlükəli ola bilər. Müxtəlif təyinatlı obyektlərdə quraşdırılan elektron qurğuları üçün xüsusi mühafizə tələb olunur.
İldırım cərəyanının parametrləri onun mexaniki və termiki təsirlərini hesablamaq, həmçinin elektromaqnit təsirindən mühafizə vasitələrini normallaşdırmaq üçün lazımdır.
İldırımdan mühafizənin hər bir səviyyəsi üçün ildırım cərəyanı parametirlərinin verilən hədd qiymətləri təyin edilir. Bu təlimatda verilən məlumatlar ildırımlı buluddan yerə və yerdən ildırımlı buluda doğru inkişaf edən ildırım boşalmalarına aiddir.
İldırım boşalmalarının qütblüyü (mənfi yaxud müsbət) coğrafi məkandan asılıdır. Yerli məlumatlar olmadığı halda boşalmaların 10%-nin müsbət cərəyanlı, 90%-nin isə mənfi cərəyanlı boşalma olmasını qəbul etmək olar.
İldırımın mexaniki və termiki təsiri cərəyanın pik qiyməti, tam elektriki yükü, impulsun elektrik yükü və xüsusi enerjisi ilə əlaqədardır. Bu parametrlərin ən böyük qiymətləri müsbət qütblü ildırım boşalmalarında müşahidə olunur. İndiksiyalanmış ifrat gərginlik təsirindən baş verən zədələnmələr ildırım cərəyanı impulsu cəbhəsinin dikliyi ilə əlaqədardır. Bu parametriin ən böyük qiyməti mənfi qütblü ildırım boşalmalarının sonrakı, yəni birncidən sonra gələn ildırım boşalmaları impulslarında müşahidə olunur.
Mexaniki və texniki təsirlərdən başqa ildırım cərəyanı güclü impuls elektromaqnit şüalanması yaradır ki, o, rabitə, idarəetmə, avtomatika, hesablama və informasiya qurğuları və s. avadanlıqlar sisteminin zədələnməsinə səbəb ola bilər. Bu mürəkkəb sistemlər bir çox istehsal və biznes sahələrində istifadə olunur. Bunların ildırım zərbəsi nəticəsində zədələnməsi həm təhlükəsizlik baxımından, həm də iqtisadi baxımdan olduqca arzu olunmazdır.
İldırım zərbəsi vahid bir cərəyan impulsundan, yaxud bir-birindən müəyyən zaman vahidi qədər aralı olan və ardıcıl gələn bir neçə cərəyan impulsundan ibarət ola bilər ki, bu impulslararası müddətdə ildırım kanalından zəif müşayətedici cərəyan axır.
Xarici ildırımdan mühafizə sistemi mühafizə olunacaq qurğudan həm izolyasiya oluna bilər (tək dayanan ildırımötürücü-çubuqvari yaxud trosşəkilli, həmçinin təbii ildırımötürücü funksiyasını yerinə yetirən qonşu qurğu), həm də mühafizə olunan qurğunun üzərində quraşdırıla bilər və eləcə də onun bir hissəsi ola bilər. Daxili ildırımdan mühafizə qurğusu ildırım cərəyanının elektromaqnit təsirini məhdudlaşdırmaq və mühafizə olunan qurğunun daxilində qığılcımlanmanı (qığılcım boşalmasını) aradan qaldırmaq üçündür. İdırımqəbulediciyə ildırım zərbəsi zamanı ildırımın cərəyanı cərəyanötürücü sistem (keçirici endiricilərlə) vasitəsilə yerləbirləşdiriciyə ötürülür və yerə axır.
İldırımqəbuledicilər xüsusi, yaxud obyektin üzərində quraşdırıla bilər və yaxud onların funksiyasını mühafizə olunan obyektin konstruktiv elementləri yerinə yetirir, son halda onlar təbii ildırımqəbuledicilər adlanırlar.