Şəkidə “XXI əsrdən baxış: din və qadın” mövzusunda ikigünlük regional konfrans keçirilib
Fevralın 24-25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XXI əsrdən baxış: din və qadın” mövzusunda ikigünlük regional konfrans keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Şəki şəhərində keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, bələdiyyə üzvləri, psixoloqlar, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan konfransda əvvəlcə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə ərsəyə gələn “Ailə dəyərləri” filmi nümayiş etdirilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov Azərbaycanda qadın siyasətinin uğurla həyata keçirilməsindən, qadınların ictimai həyatdakı rolundan, cəmiyyətdə tutduqları yüksək mövqelərdən bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda qadınlarla bağlı dövlət siyasəti yeni mərhələyə qədəm qoyub, qadınların ölkənin ictimai-siyasi, eləcə də dövlət quruculuğu işlərində fəal iştirakı təmin edilib. Bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konfransın mövzusunun aktuallığına diqqət çəkən S.Yusifov Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirlərinin önəmini vurğulayaraq bu prosesin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışında XXI əsrin inkişaf və texnologiyalar, yeniliklər əsri olmaqla yanaşı, özü ilə həm də bir çox problemləri gətirdiyini qeyd edib. Hər bir əsrin öz çağırışları və təhdidlərinin olduğunu vurğulayan E.Kərimova xüsusilə dini mövqedən olan təhdidlər barədə məlumat verib, onlara qarşı mübarizə metodlarından bəhs edib. Təhdidlərlə mübarizədə maarifləndirmənin əhəmiyyətinə diqqət çəkən Komitə rəsmisi bu təhdidlərə qarşı dini savadlılıqla, dini dünyagörüşünü formalaşdırmaqla mübarizə apara biləcəyimizi söyləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “Müasir cəmiyyətdə qadın: problemlər, tendensiyalar” mövzusunda çıxış edib. O, erkən nikah, məişət zorakılığı, qadınların cəmiyyətdə statusu, məişət zəminində məruz qaldıqları problemlər barədə danışıb. Bildirib ki, Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və qadınlar dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında və digər bu kimi mühüm sferalarda fəallıq nümayiş etdirirlər. Bu prosesdə dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasəti vacib məqamlardan biridir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov çıxış edərək mövzuya həm də insan hüquqları, xüsusən də qadın hüquqlarının müdafiəsi istiqamətindən yanaşmanın vacib olduğunu bildirib. Qeyd edib ki, insan hüquqlarının təməlində bərabərlik prinsipi durur. Azərbaycan Respublikası ümumi insan hüquqları kontekstində qadın hüquqlarına diqqət göstərən ölkədir. Bu diqqət öz əksini bir sıra qəbul edilmiş sənədlərdə də tapıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə dəstək mərkəzinin nümayəndəsi Könül Şirinova mövzunun aktuallığını qeyd edərək ölkəmizdə qadınların imkanlarının genişlənməsi və vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə birgə səylərin artırılması baxımından geniş imkanlar olduğunu bildirib.