Bu il magistral və respublika əhəmiyyətli daha iki yolun tikintisi yekunlaşacaq
M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulmasına dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 kilometrdir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun ümumi eni 15 metr olmaqla bura 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunub.
Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunur. Buna paralel olaraq yol əsası hazır olan hissələrə ələqələdirici bitum səpilməklə 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü də döşənir. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 kilometrlik yolboyu 3 avtomobil körpüsünün inşası aparılaraq yekunlaşdırılır. Körpülər yolun 1,8-ci kilometrində Alıcançay, 9,5-ci kilometrində Şirvan kanalı və 35,6-cı kilometrində Dəhnəçay üzərində inşa olunur. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edir.
Bundan başqa, yolboyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var idi. Buna görə müxtəlif diametrlərə malik 106 borunun inşası aparılır ki, bunlardan 12-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yolboyu 7 nöqtədə yeraltı keçid də tikilir. Suötürücü boruların və keçidlərin inşası da yekunlaşmaq üzrədir. Həmçinin magistral yolun zəruri nöqtələrində 32 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulur.
“M5 Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidənqurulması” layihəsi çərçivəsində magistralın 46-cı kilometrindən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 kilometrlik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. İki hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.
Analoji tikinti işləri bu yolda da görülür. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsünün inşa bitmək üzrədir. Körpülər yolun 0,4-cü kilometrində dəmiryolu, 0,7-ci kilometrində Əyriçay, 1,4-cü kilometrində Küncüt çayı, 4,6-cı kilometrində Sarı Qobu çayı kanalı və 5,2-ci kilometrində Qarasu çayı üzərində salınır. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.
İşlərin cari ilin sonuna qədər yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Ümumilikdə yollar boyu işlərin tərəqqisi planı üstələyir.
Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstan sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 kilometr uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.
Xatırladaq ki, ötən il sözügedən magistralın 40 kilometr uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.