Şəki Destinasiya Menecmenti Təşkilatı fəaliyyətini genişləndirir
Şəki Destinasiya Menecmenti Təşkilatının (DMT) fəaliyyətə başlamasından bir il ötür. Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən bu qurum Şəki, Qax, Zaqatala və Balakən rayonlarındakı turizm-rekreasiya zonalarının idarə edilməsi və təşviqi üzrə ölkədə yaradılan ilk təşkilatdır. Təşkilatın fəaliyyət istiqamətlərinə turizm sektorunda kadr resurslarının inkişafı, yeni turizm gəlir mənbələrinin tapılması, həmçinin turizm məhsullarının marketinqi məsələləri daxildir.
Şəki DMT-nin ötən dövrdəki fəaliyyəti barədə məlumat verən təşkilatın direktoru Səbinə Yadullayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fevral ayı da əvvəlki aylar kimi rəngarəng tədbirlərlə yaddaqalan olub. Belə ki, ötən ay DMT-nin təmsilçiləri Şəkidəki otellərdən birinin qonağı olub, otelin əməkdaşlarına regionun gəzməli-görməli yerləri barədə ətraflı məlumat veriblər. Otelə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən nəşr olunan və ölkənin turizm potensialını nümayiş etdirən broşürlər, həmçinin Şəkinin xəritəsi təqdim olunub.
Bundan əlavə, Şəki DMT əməkdaşları turizm resurslarının inkişaf etdirilməsi məqsədilə ötən ay Zaqatalaya öyrənmə-araşdırma səfəri edib, Zaqatala Turizm İnformasiya Mərkəzinin əməkdaşları ilə birgə rayonun Aşağı Tala, Qəbizdərə və Car kəndlərindəki yeni fermer təsərrüfatları, Zilban kəndində şəxsi təşəbbüslə yaradılmış folklor muzeyi, həmçinin tənbur ustası ilə tanış olub, təkliflərini öyrəniblər.
Şəki Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları ilə keçirilən görüşdə isə muzeyə və regiona turist axının artırılması istiqamətində atılacaq addımlar müzakirə edilib.
Səbinə Yadullayeva bildirib ki, Turizm Könüllüləri Təşkilatının (TKT) yeni təsis olunan Şəki nümayəndəliyi də hazırda Destinasiya Menecmenti Təşkilatının ofisində yer alıb. Ötən ay qurumun nümayəndələri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının, həmçinin bu şəhərdə fəaliyyət göstərən kolleclərin tələbələri ilə görüşüb, TKT-nin məqsədi, strukturu, fəaliyyət planı və gələcək layihələri barədə məlumat veriblər. Dövlət İqtisad Universitetinin Zaqatala filialında turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə də könüllülük proqramı və gələcək layihələrdən ətraflı söz açılıb.