Şəkidə 50 min hektardan çox taxıl sahəsində kimyəvi mübarizə tədbirləri görülüb
Şəki rayonunun təsərrüfatlarında 2019-cu ilin payızında cari ilin məhsulu üçün 67 min 766 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 42 min 853 hektarını buğda, 24 min 532 hektarını arpa, 381 hektarını isə xəsillik arpa sahələri təşkil edir. Son aylar havaların quraq və mülayim keçməsi səbəbindən bəzi təsərrüfatların payızlıq taxıl sahələrində ziyanvericilər çoxalıb. Bununla əlaqədar olaraq, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri və rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən 62 min 830 hektar taxıl sahəsində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb. Müşahidələr nəticəsində 62 min 780 hektarda iqtisadi zərərvermə həddində sirayətlənmə aşkar edilib. İndiyədək büdcə vəsaiti hesabına 50 min 695 hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Eyni zamanda, 12 min 85 hektarda dərin şum aparmaqla aqrotexniki-mexaniki mübarizə tədbirləri yerinə yetirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, bundan əlavə, ötən müddətdə mütəxəssislər tərəfindən 6 min 160 hektar sahədə taxıl böcəyinə (taxıl hafı) qarşı fitosanitar müşahidələr aparılıb, 5 min 320 hektarda sirayətlənmə aşkarlanıb. Sirayətlənmiş ocaqlarda fermerlərin öz vəsaitləri hesabına 4 min 800 hektarda taxıl böcəyinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib.