Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonu ərazisində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair operativ qərərgah yaradılmışdır

17 mart 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın 13.03.2020-ci il tarixli məlumatında qeyd olunanlarla bağlı qabaqlayıcı tədbirlərin görülməsinə dair operativ qərargahın yaradılması haqqında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanmışdır.
Sərəncamda Şəki Şəhər İcra Hakimiyyəti yanında qərargaha 14 mart 2020-ci il tarixdən saat 09:00-dan etibarən 1 ay müddətində Şəki rayonu ərazisində aşağıda qeyd olunan sosial izolyasiya tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır:

• Şəki şəhərində və rayonun bütün kəndlərində kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir.
• Şəkidə muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;
• Şəkinin rayonu ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla).
• dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;
• restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət sturukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;
• restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;
• Şəki üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;
• aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;
• ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir;
• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;
• dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər;
• dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir;
• özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;
• qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır;
• koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır.
• Eyni zamanda ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.
• Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.
• Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.
• Şəki Şəhər İcra Hakimiyyəti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.
• Şəki Şəhər İcra Hakimiyyəti yanında operativ qərargahın tövsiyə və tapşırıqları  rəsmi internet səhifəsində yerləşdirilməsi təmin edilsin.
• Sərəncamdan çıxarış aidiyyəti üzrə idarə müəssisə və təşkilatlara göndərilməsi təmin edilsin.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargah 14 mart 2020-ci il tarixdən etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırmış, bu məlumatlar kütləvi informasiya vasitələrində dərc olunmuşdur. Bununla əlaqədar 1 ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunmuşdur.

Keçidlər