Şəkidə maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilir.
Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların binaları, şəhər ərazisindəki istirahət parklarının ərasizi, yaşayış binaları, eyni zamanda marşrut avtobusları və dayanacaqlar mütəmadi olaraq dezinfeksiya olunur, küçə və prospektlərdə xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri aparılır.
Görülən tədbirlər çərçivəsində, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi qrupların üzvləri şəhərin küçə və prospektlərində, məhəllələrdə, kənd və qəsəbələrdə xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparırlar.
Paralel olaraq, Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə sakinlərə karantin rejiminin tələblərinə riayət edilməsi ilə bağlı çağırışlar edilir.
Bundan əlavə, xüsusi maarifləndirici materiallar hazırlanaraq, şəhər ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına və istirahət parklarının ərazisində vurulur.