Şəkidə karantin rejiminin tələblərinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür VİDEO
Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplarla yanaşı, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, başçının müavinləri, polis şöbəsinin rəisi və icra hakimiyyətinin məsul işçiləri şəhər ərazisində, ticarət obyektlərində izahetmə-xəbərdarlıq işləri aparır, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edirlər.
Ayın 31-də şəhər ərazisində aparılan izahetmə-xəbərdarlıq işləri zamanı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Sheki Store” supermarketində olmuş, işçilərə mövcud durumu ətraflı izah etmiş, personalın tibbi maska və əlcəklə təmin olunmasını ticarət mərkəzinin rəhbərliyindən tələb etmişdir. İcra başçısı, həmçinin “Zəfəran” aptekinə baş çəkmiş, tibbi maska, spirtlə təchizat məsələləri ilə maraqlanmışdır.
Şəki şəhərində koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilir.