Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhər sakinlərinə müraciət etmişdir VIDEO
Hörmətli şəkililər, şəhərimizin sakinləri
Bu gün bütün dünya ölkələri koranovirus pandemiyası ilə müharibə şəraitində yaşayır.
Azərbaycan koronavirus epidemiyası yayılan ilk gündən bu mübarizəyə qoşulub, dövlət tərəfindən lazımi işlər görülüb. Cənab Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Operativ Qərargah lazımi tədbirləri həyata keçirir və görülən işlər haqqında əhaliyə vaxtaşırı məlumat verilir. Cənab Prezidentimizin bu barədə verdiyi fərman və sərəncamlar bir tərəfdən əhalini səfərbər etməyə, digər tərəfdən koronavirusun ölkə iqtisadiyyatına, vətəndaşların sosial vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasına yönəldilib. Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə mənim imzaladığım sərəncama əsasən xüsusi qərargah yaradılmış, daxil olan məlumatların operativ qəbul edilməsi üçün 244 26 43 nömrəli “Qaynar xətt” yaradılmışdır. Xüsusi karantin rejimində polis işçiləri , tibb işçiləri gərgin işləyir. Onlar öz həyatlarını risk altında qoyaraq bizim sağlamlığımızı və təhlükəsizliyimizi qoruyur. Gəlin bu çətin günlərdə biz onlara dəstək olaq, qoyulan qaydalara əməl edək.
Operativ Qərargahın tələblərinə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Qlobal pandemiya hesab olunan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdalarından, Şəki Bələdiyyəsinin üzvlərindən və məhəllə nümayəndələrindən, başçının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşlarından və kənd bələdiyyələrinin üzvlərindən ibarət 52 qrup yaradılmışdır. Qrup üzvləri şəhərin küçə və prospektlərində, kənd və qəsəbələrdə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparır. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq mobil qruplarla yanaşı, mən ,başçının müavinləri, polis şöbəsinin rəisi və icra hakimiyyətinin məsul işçiləri şəhər ərazisində, ticarət obyektlərində xəbərdarlıq işləri aparır, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək tövsiyə olunur. Həmçinin rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların binaları, şəhər ərazisindəki istirahət parklarının ərasizi, yaşayış binaları, eyni zamanda marşrut avtobusları və dayanacaqlar mütəmadi olaraq dezinfeksiya olunur, küçə və prospektlər xüsusi maşınlarla yuyulur .
Çox təəssüflər olsun ki, görülən tədbirlərə baxmayaraq, koronavirus infeksiyası yayılmaqda davam edir. Ciddi karantin rejiminə baxmayaraq, vətəndaşlarımızın bir hissəsi hələ də təhlükənin nə qədər ciddi, ağır olduğu hiss etmir. Dövlət orqanları 65 yaşdan yuxarı şəxslərin ümumiyyətlə, evdə qalmasını tövsiyə etməsinə baxmayaraq, hələ də 65 yaşdan yuxarı insanların küçələrdə olmasının şahidi oluruq. Mən xüsusilə yaşlı nəslə müraciət etmək istəyirəm . Biz sizimlə nəyi bilməliyik. Bizim bədənimizdə bir zülal “pəncərəsi” var. Bu zülallar faktiki olaraq gənclərin orqanizmində demək olar ki, yoxdur. Amma yaş artdıqca, xüsusilə ,65 yaşdan yuxarı onların sayı həddindən çox olur. Ona görə də gənclər küçəyə çıxıb bu virusu evə gətirsələr yaşlı insanlar bu xəstəliklə ağır mübarizə aparacaqlar. Bu, narahatlıq doğuran bir haldır. Mən bir daha Sizə bildirmək istəyirəm ki, heç bir ciddi ehtiyac olmadan küçəyə çıxmayın.
Bu gün hər bir kəs təkcə özünə və ailəsinə cavabdeh deyil, bütövlükdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Ziyalılar, sənət adamları, tanınmış idmançılar, KİV çağırış edir ki, evdə qal həyatını, cəmiyyəti xilas et. Bu gün evimiz bizim səngərimiz olmalıdır. Hər birimiz həyatımızı, ailəmizi, cəmiyyətimizi və sabahımızı düşünərək bu günlərdə karantin şəraitinə ciddi əməl etməliyik.
Əziz şəkililər!
Xalqımız bütün ağır və çətin şəraitdən çıxmağı bacarır. Hesab edirəm ki, bu dəfə də səfərbər olub, karantin rejiminə ciddi əməl edəcəyik. Qısa müddət ərzində koronavirus epidemiyasının Azərbaycanda lokallaşmasını və təhlükənin aradan qaldırılmasını hamımız bir yerdə təmin etməliyik. Bu gün hamımızın bir şüarı var : Biz birlikdə güclüyük! Evdə qal