Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının baş prokuroru Şəkidə olmuşdur

18 iyun 2013 | 15:00

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının baş prokuroru Hesen Erbil və onun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də Şəkidə olmuşdur.
Səfər çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzmiş, qədim tarixi abidələri ilə tanış olmuşlar.
Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayı ilə tanışlıq türkiyəli qonaqların böyük marağına səbəb olmuşdur. Nümayəndə heyətinin üzvlərini sarayın həyətində Şəki Şəhər İcra Hakimyyətinin başçısı Elxan Usubov qarşılamışdır. Qonaqların diqqətinə çatdırılmışdır ki, saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmməd Hüseyn xanın dövründə, 1761-1762-ci illərdə tikilmişdir. 2012-ci ildə Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunmuşdur.
Daha sonra nümayəndə heyətinin üzvləri Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət etmişlər. Qonaqların diqqətinə çatdırılmışdır ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Əhəng daşından tikilən bu məbəd erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir.
Şəkiyə səfərləri çərçivəsində türkiyəli qonaqlar XVIII əsrin sonu – XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olmuşlar.
Türkiyənin baş prokuroru Hesen Erbilin rəhbərlik etdiyi nümayəndə heyəti Şəkidən xoş təəssüratla ayrılmışdır.

Keçidlər