Şəkinin Baqqal kəndində səyyar qəbul
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 20-də Baqqal kəndinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında həmin kəndin sakinləri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri iştirak etmişlər.
Kənd sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Sonra şəhər, qəsəbə və kəndlərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
Kənd sakini Yəhya Əliyev İkinci Biləcik kəndindən Baqqal kəndinə gedən 4 km yolun asfaltlaşdırılması, Həzrət Səmədov internet şəbəkəsinə qoşulmaq üçün kəndə çəkilmiş və istismar müddətini başa vurmuş əsas rabitə xəttinin yenisi ilə əvəz olunması, Ruzigar Bilalov həyətyanı və bağ sahələrinin hüquqi sənədlərinin yenidən hazırlanması, Məmməd Mustafayev Baqqal kəndinə qaz xəttinin çəkilməsi, Ələkbər Talıbov gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə kəndin mərkəzi hissəsində əl oyunları zalının tikilməsi, şəhid anası Həvva Qəniyeva tibb təhsilli nəvəsi Həsənova Çinarə Nizam qızının işlə təmin olunmasına köməklik göstərilməsi, şəhid anası Suqrət Səmədova evlə təmin olunmasına köməklik göstərilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qeyd olunan məsələlərin aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, rayonda aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.