“Rossiya 24” telekanalında Şəki şəhərinə həsr olunmuş veriliş yayımlanmışdır
“Rossiya 24” telekanalında Azərbaycanın qədim Şəki şəhərinə həsr olunmuş veriliş yayımlanmışdır.
Verilişdə şəhərin qədim tarixindən və bənzərsiz koloritindən, şəhər sakinlərindən, onların qonaqpərvərliyindən və incə yumor hissindən söz açılır. Müəlliflər Şəkidə ipək və xalça istehsalı tarixinə toxunmuş, müasir avadanlıqla təchiz edilmiş ipək kombinatı barədə məlumat vermişlər.
Rusiya telekanalının izləyiciləri hazırda otel funksiyalarını yerinə yetirən karvansaralarla, qədim diyarın turizm potensialı və nadir təbiəti, Şəkinin yaxınlığında yerləşən qədim alban kilsəsi ilə tanış olmuşlar.
Verilişdə Şəki xanlığının və onun rəmzi olan Şəki Xan Sarayının tarixindən də danışılmışdır. Müəlliflər bildirmişlər ki, Şəki Xan Sarayı Azərbaycan memarlığının ən yaxşı ənənələrinin təcəssümüdür.
Verilişdə yeməkləri özünəməxsus və əvəzolunmaz dadı ilə seçilən Şəki mətbəxinin zəngin ənənələri xüsusi vurğulanmışdır.