Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müharibə veteranlarına təbriki

09 may 2020 | 16:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov faşizm üzərində Qələbə Günü münasibətilə müharibə veteranlarını təbrik etmişdir.
   Təbrikdə deyilir:
    Hörmətli veteranlar!
   Hər il ölkəmizdə 9 May – faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verib. Bu qələbədə payı olan 600 mindən çox oğul və qızını cəbhəyə yola salan xalqımızın Böyük Qələbənin əldə olunmasında çox böyük rolu olub. Böyük Vətən Müharibəsində göstərdikləri igidliyə görə Azərbaycanın 120-dən çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıqlar göstəriblər. Faşizmə qarşı mübarizədə azərbaycanlılar döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstəriblər. Şanlı Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olub.
    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb. Məhz Ulu Öndərin diqqəti nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq ölkəmizdə Qələbə Günü qeyd olunur.
   Ulu Öndərimizin bu siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib. Hər il Qələbə günü ərəfəsində veteranlarımızla görüş keçirən Prezidentimiz onların problemlərinə böyük diqqət və qayğıyla yanaşır.
    Faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqı kimi, Şəkinin mərd oğul və qızları da böyük rəşadət göstərmiş, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişlər. Ön cəbhələrə yola salınan 15 minə yaxın şəkili döyüşçülərin yarıdan çoxu müharibədən geri qayıtmamışdır. Hazırda rayonumuzda 5 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır.
    Bu unudulmaz gündə mən bütün müharibə veteranlarını faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə ürəkdən təbrik edir, onlara can sağlığı diləyir və şücaətlərinə görə onlara təşəkkürümü bildirirəm.
    Qələbə bayramınız mübarək!

Keçidlər