Şəki: yaş barama istehsalının 69,6 tona çatdırılması qarşıya hədəf qoyulub
Bu il Şəkidə yaş barama istehsalının əvvəlki illə müqayisədə 21 tondan çox artırılaraq 69,6 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi ilə əlaqədar şəkili kümçülərə bu günlərdə bölgü əsasında 1740 qutu, yəni 33,1 kiloqram ipəkqurdu paylanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunan ipəkqurdları rayonun 25 inzibati ərazi dairəsi üzrə 400-dək kümçüyə paylanılıb. İstehsalçılardan yaş barama tədarükünə mayın axırı, iyunun əvvəllərində başlanılacaq.
Qurum rəsmisinin sözlərinə görə, son illər Şəki rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Görülmüş tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 48 tona çatıb. Kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın dirçəldilməsi əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artmasına çox yaxşı təsir göstərir. Belə ki, ötənilki mövsümdə şəkili kümçülər yaş barama istehsalından 432 min manat gəlir əldə ediblər.