Şəki Şəhər İcra Hakimiyyətinin başçısı onlayn videomüşavirə keçirmişdir
Mayın 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti onlayn videomüşavirə keçirmişdir.
Onlayn videomüşavirədə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə koronavirus pandemiyasının təsirinin azaldılması istiqamətində mühüm addımların atıldığını, pandemiyasına qarşı aparılan mübarizədə Azərbaycanın öz vətəndaşlarının sağlamlığının qorunması baxımından dünyada nümunəvi dövlətlər sırasında yer aldığını bildirmişdir. O qeyd etmişdir ki, ölkəmizdə koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmış, virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar ölkəyə gətirilmış, testlərin aparılması üçün laboratoriyalar fəaliyyətə başlamış, daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanılmışdır.
2020-ci il mayın 4-də cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşünün keçirildiyini bildirən icra başçısı qeyd etmişdir ki, bu görüşün keçirilməsi Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Zirvə görüşündə Prezident cənab İlham Əliyevin pandemiyaya qarşı mübarizədə Azərbaycan modelinin müsbət nəticələri barədə danışmaqla bu təcrübəni digər ölkələrlə bölüşməyə hazır olduğunu bildirməsi Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən son dərəcə yüksək qarşılanmışdır.
İcra başçısı bildirmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub ünvanlayaraq COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Azərbaycan Respublikası Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatların prioritet istiqamətlərindən birinin korrupsiyaya qarşı mübarizə olduğunu bildirən icra başçısı qeyd etmişdir ki, ölkə başçısı öz çıxışlarında hər zaman çağırışlar edir, məmurları düzgün, ədalətli olmağa çağırır. Hər bir məmur dövlətimizin başçısının xəbərdarlığından nəticə çıxarmalı və öz fəaliyyətlərində qanunsuz hərəkətlərə yol verməməlidirlər. Əks halda, onlar qanunun gücü ilə qarşılaşacaqlar. Dövlət başçısının korrupsiya və rüşvətxorluqla mübarizənin getdikcə sərtləşdirməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına verdiyi önəm hər bir ölkə vətəndaşının ürəyincədir.
Onlayn videomüşavirədə icra başçısı icra hakimiyyətinin nəzdində yaradılmış monitorinq qruplarının işinin gücləndirilməsi, dezinfeksiya işlərinin davam etdirilməsi, yeni yaradılmış ictimai iş yerləri və sosial müdafiəyə ehtiyacı olan ailələrə paylanan yardımlarla bağlı araşdırmaların aparılması barədə tapşırıqlar vermişdir.