Şəkidə Beynəlxalq Ailə Günü münasibətilə videokonfrans keçirilmişdir
15 may 2020-ci il tarixdə Şəki şəhər İcra Hakimiyyəti və Şəki şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “15 may Beynəlxalq Ailə günü“ münasibətilə “Sağlam ailə sağlam cəmiyyətdir” adlı videokonfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov açaraq hər il 15 may günü dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunduğunu bildirmiş, ulu öndər Heydər Əliyevin ailə siyasətinin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə həyata keçirildiyini, milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərildiyini qeyd etmişdir.
Sonra Şəki şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Məmmədov çıxış edərək insan cəmiyyətinin yarandığı gündən bu günə qədər ailələrin mövcud olduğunu və onların müxtəlif formada fəaliyyət göstərdiyini diqqətə çatdırdı. A.Məmmədov Beynəlxalq ailə gününün BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd edildiyini, Azərbaycanın isə 2008-ci ildə bu ənənəyə qoşulduğunu, ailə gününün qeyd edilməsində məqsədin ailə ənənələrinin daha da qorunması və ailə modelini qoruyub saxlamaqla yanaşı gələcək nəsillərə ötürməkdən ibarət olduğunu, Respublikamızda bu sahədə müvafiq qərar və fərmanların verildiyini bildirdi.
Şəki şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri, qəyyumluq və himayəçilik komissiyasının sədri Əhmədiyyə Bəşirov çıxış edərək gəncləri ailə quran zaman məsuliyyətli olmağa dəvət edərək qeyd etdi ki, gənc ailələrdə əsas problemlərdən biri rəsmi nikah olmadan dini nikahla ailə qurulmasıdır ki, bu da gələcəkdə müxtəlif xoşagəlməz problemlərin qarşıya çıxmasına səbəb olur. Adi bir səbəbə görə dağılan ailələrdə ən çox azyaşlı uşaqların əziyyət çekdiyini, bu problemlərin belə ailələrdə böyüyən uşaqların gələcəyinə psixoloji təsir etdiyini bildirən Ə.Bəşirov gənclərə ailə qurarkən həm öz istəklərini, həm də ailələrinin tövsiyyələrini nəzərə almağı məsləhət gördü.
ADPU-nin Şəki filialının psixologiya müəllimi Leyla Nuriyeva gənclərə qarşılıqlı sevgi, hörmət və milli adət-ənənələrimizə uyğun şəkildə ailə qurmağın vacibliyini bildirdi. O qeyd etdi ki, normal ailələrdə böyüyən uşaqlar mənəvi cəhətdən sağlam olmaqla yanaşı cəmiyyətimiz üçün də yararlı vətəndaşlar kimi yetişirlər.
Sonda çıxışçılar gənclərə gələcək həyatlarında xoşbəxtlik və sağlam ailə arzuladılar.