Sosial məsələlərin həlli istiqamətində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir
Hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin formalaşması, onun normal yaşayışının təmin olunması ölkəmizdə davamlı şəkildə həyata keçirilən güclü sosial-iqtisadi siyasətin başlıca məqsədlərindəndir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir.
Mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsibdə bildirmişdir ki: “Sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi. Bu sosial paketin əhatə dairəsi çox geniş idi – 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var idi. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Müavinətlər qaldırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. Yəni, biz bu məqsədlər üçün milyardlarla manat ayırdıq və dediyim kimi, 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı”.
Koronavirus pandemiyası dövründə ölkəmizdə əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu sahəyə 3,5 milyard manatdan çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrılmışdır. Dörd istiqamət üzrə həyata keçirilən 12 tədbir 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etmiş, pandemiya dövründə 1 milyon 660 min muzdla çalışan işçinin iş yeri və əmək haqqı gəlirləri qorunmuşdur.
Pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir vətəndaşa xüsusi diqqət və qayğı göstərir, onların sosial təminatının gücləndirilməsini təmin etmək üçün bütün tədbirləri görməyə qadirdir.