2 fevral - Azərbaycan Gəncləri Günüdür.
Gənclər gələcəyi formalaşdıran əsas qüvvədir. Son illər ölkəmizin gəncləri elm, texnologiya, ictimai həyat, mədəniyyət və idman sahələrində fəal iştirak edərək, ölkənin inkişafına mühüm töhfələr verirlər. Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı onların potensialının üzə çıxmasına şərait yaradır.
Ölkəmizdə dövlətin gənclər siyasətinin əsasları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşıb. Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsini bu yolda ilk addımlar hesab etmək olar. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu gənclərin vətənpərvərlik və milli dəyərlərə sədaqət ruhunda yetişməsini prioritet vəzifə kimi irəli sürüb. Onun strateji baxışları nəticəsində gənclərin ölkənin hərtərəfli inkişafında fəal iştirakı üçün möhkəm baza yaradılıb.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, gənclər siyasəti sahəsində də Ümummilli Liderin yolunu davam etdirib, bu istiqamətdə mühüm addımlar atılıb. Təsadüfi deyil ki, son illər ölkəmizin hərtərəfli inkişafında gənclər böyük rol oynayırlar. Bu, ilk növbədə gənclərlə iş sahəsində aparılan ardıcıl siyasətin nəticəsidir. 2007-ci ildən bəri icra olunan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramları çərçivəsində minlərlə gənc dünyanın müxtəlif universitetlərində yüksək ali təhsilə yiyələnib.
Texnologiyanın sürətli inkişafı gənclərin fəaliyyətinə yeni istiqamətlər açıb. Son illər Azərbaycanda startap ekosistemi formalaşıb, gənc sahibkarlar innovativ layihələrlə çıxış etməyə başlayıblar. Proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal marketinq sahələrində çalışan gənclər qlobal əmək bazarında rəqabət aparmaq gücünə malikdirlər.
"2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”na uyğun olaraq, hər il ümumilikdə 2 minədək Azərbaycan gənci xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alır. Həmin proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.
Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatında böyük əhəmiyyət kəsb edir.
Gənclərin məşğulluğunun artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması məqsədilə mühüm layihə və proqramlar onların yaradıcılıq və peşəkar inkişafına hərtərəfli imkanlar yaradır.
Böyük Zəfərlə başa çatan Vətən müharibəsi gənclərin Vətənə bağlılıq və fədakarlıq ruhunun parlaq nümunəsinin nümayişinə çevrilib. Hər şeyin sınağa çəkildiyi həmin günlərdə gənclər qəhrəmanlıq, fədakarlıq, rəşadət və hünər tarixi yazmaqla yanaşı, öz adlarını da xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların rəşadəti sayəsində qazanılan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşub. Həmin günlərdə onların nümayiş etdirdikləri birlik, həmrəylik, igidlik və rəşadət zaman-zaman xatırlanacaq. Gənc nəsil həmin sınaq günlərində çox böyük örnək qoyub.
Bu gün gənclər dövlətin etimadını doğruldaraq ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edir, öz bilik və bacarıqları ilə dövlətimizin strateji məqsədlərinə xidmət edirlər. Onların fəaliyyəti ölkənin inkişaf strategiyasının əsas dayaqlarından biridir. Gənclərə yaradılan imkanlar genişləndikcə, Azərbaycan gələcəkdə daha da güclü və rəqabətqabiliyyətli dövlətə çevriləcək.







