Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə əlaqədar Şəkidə şəhidlərin xatirəsi ehtiramla anılıb

20 yanvar 2026 | 14:45

20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə əlaqədar yanvarın 20-də səhər saatlarında Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivlərinin üzvləri, ictimaiyyətin nümayəndələri Şəki şəhərində yeləşən Şəhidlər Xiyabanını ziyarət etmiş, Vətənimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qərənfillər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.

20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə əlaqədar keçirilən toplantıda qeyd olunub ki, 20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsidir. Bu faciə müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Vurğulanıb ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu.

Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı Şəki şəhərində yerləşən Şəhidlər Xiyabanında, kənd və qəsəbələrdə yerləşən şəhidlərin məzarlıqlarında abadlıq-təmizlik işləri aparılmış, idarə və təşkilatlarda müvafiq tədbirlər təşkil edilmiş, hüzn əlaməti olaraq yanvarın 20-də rayon ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilmişdir.

 

Keçidlər