İlham Əliyev Şəkidə M.F.Axundzadə adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur
Prezident İlham Əliyev Şəkidə Mirzə Fətəli Axundzadə adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir M.F.Axundzadənin parkda ucaldılmış abidəsinin önünə gül dəstəsi qoydu.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məlumat verdi ki, Şəki Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılmış yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişmişdir. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ümumi sahəsi 7 hektar olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri görülmüş, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir. Parkda uşaqların da istirahətlərini maraqlı keçirmələri üçün lazımi şərait yaradılmışdır. Burada iki fəvvarə, süni şəlalə və göl yaradılmışdır.
Prezident İlham Əliyev parkda görülmüş işlərdən razılığını bildirdi.