Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətin özəl sektordan və əhalidən gözləntisi - fəaliyyət tam şəffaf olmalıdır

21 may 2020 | 16:00

Ölkəmizdə iqtisadiyyatın dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, son illər iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılmas ıistiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Dövlət tərəfindən təkmil nəzarət və təşviq yönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur.
Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etmişdir. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini açıqlayan subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln. manat birbaşa kompensasiya ödənişi ayrılmışdır. Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd. manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlət ilə əməkdaşlıq imkanlarını itirdi və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qaldı.
Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısınəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.
Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.
Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi. Koronavirus təcrübəsi beləbir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi.
Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.

Keçidlər