Kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahələrindəndir
Kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə özünün müsbət nəticələrini göstərib. Bunun nəticəsində digər sahələr kimi aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı işlər görülür, bu sahəyə dövlət dəstəyi gücləndirilir.
Mayın 21-də Prezident cənab İlham Əliyev Ağstafa və İmişli rayon icra hakimiyyətlərinin yeni başçılarını videoformatda qəbul edərkən demişdir: "Kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahə olaraq qalır. İndiki şəraitdə kənd təsərrüfatının müasir üsullarla inkişafı ilə əlaqədar çox geniş proqramlar icra edilir".
Ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, xüsusən də regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurla icra olunması başqa bölgələrimizdə olduğu kimi Şəkidə də aqrar sektorun daha da inkişaf etdirilməsinə təkan vermişdir. Rayonumuzda taxılçılıqda, heyvandarlıqda, tütünçülükdə, baramaçılıqda əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, digər sosial-iqtisadi sahələrlə birlikdə aqrar sektorda da müsbət irəliləyişlər davam etməkdədir.
Qeyd edək ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir.
Əlövsət Mustafayev, tütünçü fermer