Şəkinin Baş Zəyzid kəndinə təbii qaz verilmişdir
Uzun fasilədən sonra iyunun 26-da Şəki rayonunun Baş Zəyzid kəndinə təbii qaz verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər əlamətdar bir tarixdə - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümünün təntənəli şəkildə qeyd olunduğu bir gündə kəndə təbii qazın verilməsini sakinlər üçün əsl bayram hədiyyəsi olduğunu bildirmişlər.
Mərasimdə son illər əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılmış, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, hazırda rayonun 22 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Rayon üzrə 20 minə yaxın abonent təbii qazdan istifadə edir. Baş Zəyzid kəndinin qazlaşdırılması məqsədilə 14 kilometr uzunluğunda müxtəlif diametrli metal borular çəkilmiş və ya təmir olunmuşdur. Abonentlərə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. İlkin mərhələdə kənddə 105 abonent təbii qazdan istifadə edəcəkdir.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və kəndə təbii qazın verilməsinə başlanmışdır.