Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət qayğısı yüksəkdir
Pandemiyanın qlobal iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ciddi zərbələrə baxmayaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial-iqtisadi inkişafa hesablanan layihələrin uğurlu icrası ardıcıllıqla davam etdirilir. Bunun nəticəsini hər bir vətəndaş, o cümlədən qaçqın və məcburi köçkünlər öz həyatlarında hiss edirlər. Ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllidir.
Mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edən Prezident cənab İlham Əliyev məcburi köçkünlərlə görüşü zamanı bildirmişdir: "Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Bildiyiniz kimi, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim proqramımın tərkib hissəsi məhz bu məsələ idi. Söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi".
Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə olduqca həssaslıqla yanaşır, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərir. Bu qayğı özünü yeni inşa olunan “Qobu Park-3” yaşayış kompleksində də aydın nümayiş etdirir.