Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ilbəli artmaqdadır. Bu nüfuzun qazanılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan apardığı siyasət nəticəsində regionda liderliyini qoruyub saxlayır. Eyni zamanda, ölkəmiz Cənubi Qafqazın iqtisadi baxımdan da lider dövlətidir.
Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir.
Mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində demişdir: “Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdik”.
Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib.