Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bizim idmanla bağlı tədbirlərimizin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir
Bütün zamanlarda hər bir cəmiyyətin dayağını sağlam bədənli və sağlam ruhlu insanlar təşkil etmişlər. Bədən tərbiyəsi və idman insanın kamilləşməsinə və sağlamlığının möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idma nçısı ilə görüşündə demişdir: “Bizim idmanla bağlı tədbirlərimizin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir. Çünki idmançılar yaxşı bilirlər ki, idman insan sağlamlığı üçün ən əsas amillərdən biridir. Ona görə mən həm idmançılarla görüşlərdə, həm də digər auditoriyada çıxışlarımda həmişə vurğulayıram ki, hər bir insan idmanla məşğul olsun. Söhbət ondan getmir ki, hər kəs idmançı olsun. Amma idmanla məşğul olan insan sağlam olur. İdman insanı fiziki cəhətdən gücləndirir, eyni zamanda, bizim idmançılarımız bu gün məişətdə də bir çoxları üçün nümunədir”.
Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə, Azərbaycan tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir.
Mən, bir idmançı kimi, bizim bu uğurlarımızla, öz çempionlarımızla fəxr edir və onlarla birgə sevinirəm. Biz hər birimiz yaşadığımız məmləkətin zərrələriyik. Hamımız müəyyən qədər fəaliyyət göstərməklə bütün dünyaya sübut etməliyik ki, biz sağlam millətik. Bunun üçün də idmanla məşğul olmaq lazımdır.
Firəngiz Vahabova, əməkdar məşqçi