Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə buraxılış (qəbul) imtahanları 8 mərkəzdə aparılıb

10 iyun 2020 | 16:00

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 10-da Şəkidə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış (qəbul) imtahanları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 8 mərkəz ayrılıb. Pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə 1912 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 26 imtahan rəhbəri və 203 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 156 otaq ayrılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində buraxılış (qəbul) imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən saat 14:00-da uğurla başa çatıb.

Keçidlər