Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır
Olkəmizdə koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi xalqımızı böyük bəladan xilas etdi. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq qısa müddətdə ehtiyaclara uyğun olaraq səhiyyə sistemi yenidən quruldu, karantin rejimində saxlanılanların təminatı təşkil edildi. Məhz görülən sistemli işlərin nəticəsində bu gün yumşalma tədbirləri ilə əlaqədar yoluxanların sayında müəyyən artım olsa da, vəziyyət tam nəzarətdədir.
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bilgəh qəsəbəsində quraşdırılan modul tipli xəstəxananın açılışında həkim kollektivi ilə görüşərkən demişdir: “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur.”
Dövlət başçısı bildirmişdir ki, bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə.